2012-ci il noyabrın 29-dan dekabrın 1-dək Hindistanın Nyu Dehli şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər keçirildi. Yubiley tədbirləri Prezident İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il tarixli Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Hindistandakı səfirliyi və Hindistanın İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunmuşdu.
Nizami bütün Yer kürəsinin övladıdır...
Bu dünya dolanıb döndükcə rüzgar,
Qoy səndən yaxşı söz qalsın yadigar...
Belə dedi Nizami Gəncəvi. Aradan keçən 9 əsrə yaxın vaxt isə onun bu deyimində də nə qədər haqlı olduğunu təsdiq edir. 68 illik ömründə oxumaqdan yorulmayan, hər gizli xəzinədən bir dürr çıxarıb onu ustalıqla sahmana salan, ”Oxuyan bəyənib afərin desin” söyləyən Nizami indiyədək öz ünvanına ancaq “Əhsən!” dedirdir. Zaman və nəsillər dəyişir, onun yaradıcılığının dəyəri, kəlamlarının hikməti zərrə qədər də azalmır, şair dünya ədəbiyyatına bəxş etdiyi 5 poemadan ibarət “Xəmsə”si, “beşliyi” ilə dünyanın beş qitəsini 21-ci əsrdə də heyrətləndirməkdə davam edir...
2012-ci ili isə tam haqla Nizami Gəncəvi ili adlandırmaq olar. Prezident İlham Əliyevin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" 23 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən 2012-ci ildə ölkəmizdə: Gəncədə, Bakıda, eləcə də Moskvada, Ankarada, Nyu Dehlidə, Pekində keçirilən yubiley tədbirləri şairə böyük ehtiram nümunəsinə çevrildi, onun ölümsüzlüyünü bir daha təsdiq etdi...
Nizami səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz parçasına çevrilib. 20-ci əsrin 70-ci illərində isə Nizami Gəncəvi irsinə münasibətdə yeni mərhələ başlayıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərarla bu istiqamətdə kompleks işlər görülüb. 1981-ci ilin avqustunda şairin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaradıb. Şairin əsərləri dəfələrlə nəşr olunub. Nizaminin 1991-ci ildə keçiriləcək 850 illik yubileyi isə təəssüf ki, ölkədəki siyasi, iqtisadi və sosial böhran üzündən mümkün olmayıb...
2012-ci ildə isə demək olar ki, bütün dünyada Nizami sözünün təntənəsi yaşandı. YUNESKO-nun baş direktoru İrina Bokovanın Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə bəyanatı, həm də onu sübut etdi ki, Azərbaycan şairi bütün dünyaya məxsusdur. Baş direktor Nizaminin yubileyinin keçirilməsini mədəniyyətlərarası dialoqa çağırış kimi səciyyələndirdi...
Şairin yubileyi Hindistanın paytaxtı Nyu Dehli şəhərində də qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Azərbaycanın Hindistandakı səfirliyi və Hindistanın İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunan tədbirlərdə iştirakımdan sonsuz fəxarət hissi keçirdim. Bu, bir azərbaycanlı kimi mənim üçün önəmli fakt idi. Eyni zamanda ilk dəfə getdiyim Hindistan haqqında xəyallarımın qismən də olsa əyaniləşməsi demək idi...
Möcüzələr və əfsanələr ölkəsi...
Möcüzələr və əfsanələr ölkəsi, qədim və əsrarəngiz məkan – Hindistan gənclik illərimdən xəyalımda məhz belə bir ölkə kimi canlanıb. Oxuduğum kitablardan, baxdığım filmlərdən də bu qənaətə gəlmişəm. Hind yazıçısı Rabindranat Taqorun hələ orta məktəb illərində oxuduğum “Fəlakət”i, baxdığım hind filmləri daha çox humanist ideyaları ilə yadımda qalıb. Hind filosofu, Vətəninin əfsanəvi qəhrəmanı, milli lideri, 40 gün aclıq edərək Hindistanın istiqlalı yolunda öz millətini səfərbər etməyi bacaran, ingilis müstəmləkəsinə son verən, “millət atası” adını qazanan, ümumilikdə, 20-ci əsrdə mübarizə və humanizm rəmzinə çevrilən Mahatma Qandinin “Bütün insanlar qardaşdır” fikri də həmişə düşündürüb məni. Humanizmin yüksək mərtəbəsindən deyilən bu fikir, çox təəssüf ki, bu gün də reallıqdan çox uzaq görünür, çünki dünyanın getdikcə ən çox itirməkdə olduğu dəyər də elə humanzmdir...
Ərazisinə görə dünyanın 7-ci, əhalisinin sayına görə ikinci ölkəsi olan Hindistan mədəni keçmişə və ənənələrə malik ölkədir, o, dünya mədəniyyətinin inkişafına böyük töhfələr verib. Deyirlər, Hindistana oktyabrdan mart ayına qədər gəlmək lazımdır, bu ərəfədə hava çox gözəl olur. Nizaminin yubiley tədbirləri də noyabrın sonu dekabrın əvvəlinə təsadüf edirdi. Bizdə qışın oğlan çağı olsa da, Hindistanda sanki yay fəslidir, hava istidir. Nyu Dehli şəhəri ilk anda geniş və rahat yolları, yol kənarı ilə uzanıb gedən böyük xiyabanları, nəhəng ağacları ilə diqqətimizi daha çox cəlb edir...
Nizami bir işıqdır, 9 əsrdir ki, sönməyən bir işıq...
Nizami Gəncəvinin yubiley tədbirlərinin açılış mərasimi noyabrın 29-da İndira Qandinin adını daşıyan Milli Mədəniyyət Mərkəzində keçirildi. Bundan cəmi 10 gün əvvəl, noyabrın 19-da isə İndira Qandinin anadan olmasının 95, İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin 25 illiyi qeyd olunub. “Hindistan mənim sevgimdir” deyən, yurd, azadlıq sevgisi ilə örnək olan, “xalqın anası” adını qazanan İndira Qandiyə ölkədə indi də böyük məhəbbət var. İndira Qandi görkəmli dövlət xadimi, milli azadlıq hərəkatının fəal nümayəndələrindən biri, müstəqil Hindistanın ilk baş naziri Cavhirləl Nehrunun qızıdır. Atasının yolunu seçən İndira Qandi ölkənin 4-cü baş naziri, ümumilikdə dünyada ikinci baş nazir qadın olub. O, Azərbaycana da gəlib. Onu da yaxşı xatırlayıram ki, İndira Qandiyə sui-qəsd ediləndə mən tələbə idim...
Hindistanlı alimlər Nizaminin həmvətənlərini hörmətlə qarşılayırlar. Yubiley tədbirlərində iştirak edən Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, tanınmış ədəbiyyatşünas alimlər və incəsənət xadimləri daxil idi. Əvvəlcə hər iki tərəfin nümayəndələri, qədim hind adətlərinə görə, işıq, nur, aydınlıq simvolu olan şamlar yandırırlar. Nizami də bir işıqdır, nurdur, 9 əsrdir ki, sönməyən işıq. Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyev hər kəsi salamlayır, tədbirin əhəmiyyətindən danışır, İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinə belə bir beynəlxalq tədbirə dəstək verdikləri üçün minnətdarlıq edir.
Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyev: ”Nizaminin yubileyinin geniş şəkildə qeyd edilməsi Prezident İlham Əliyevin şairin zəngin irsinin öyrənilməsi və təbliğinə göstərdiyi böyük diqqətinin nəticəsidir. Bu, dövlətin Nizami irsinə verdiyi dəyərdir. Bu görüş eyni zamanda xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”.
Şərqin mütəfəkkir şairi Nizami Gəncəvinin yubileyinin Hindistanda keçirilməsindən qürur duyduqlarını deyən İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin prezidenti Qarexan şairinin yaradıcılığını bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırır, “Hindistanda Nizamini yaxşı tanıyırlar” deyir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev Nizaminin ölkəmizdə keçirilən yubiley tədbirləri, İtaliyanın paytaxtı Romada şairin abidəsinin açılışı, həmçinin mədəniyyət layihələrinə layiqli töhfələr verən Heydər Əliyev Fondunun dəstəyi ilə şairin əsərlərinin yüksək səviyyədə yeni nəşri barədə məlumat verir. Hind alimi Mənsurə Haydar, İndira Qandi adına Milli Mədəniyyət Mərkəzi Katibliyinin üzvü Depali Xanna Nizaminin yubileyinin məhz Hindistanda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirirlər. Azərbaycan tərəfi İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinə üzərində Nizami Gəncəvinin portreti olan xalça və kitablar hədiyyə edir...
Sonra İndira Qandi adına Mədəniyyət Mərkəzinin sərgi salonunda Nizami Gəncəviyə həsr olunmuş “Nizami dünyası xalçalarda” adlı sərginin açılışı olur. Bu sərgi də böyük maraqla qarşılanır. Hindli tamaşaçılar dekorativ, rəsm, xalça, numizmatika və tematik kitab sərgisində dahi şairin yaradıcılığını əks etdirən ayrı-ayrı eksponatları, xalçaları heyranlıqla izləyirlər. Onlar Azərbaycanın incəsənət ustalarının çıxışına da biganə qalmırlar...
Hindistana gəlişimizin ilk günü axşam bərk yağış yağır. Operator Faiq Məstanovla Hindistandakı səfirliyimizin rahat otaqlarından birində əyləşib, səfirliyin əməkdaşı Toğrulla birgə Bakıya xəbər göndərməklə məşğul ikən qəfil bayırdakı gurultu səsinə eyvana çıxırıq. Şimşək çaxır, aramsız yağır, havadan isə ədviyyat qoxusu gəlir. Toğrul deyir ki, bu, şəhərin spesifik qoxusudur...
Professor Mənsurə Haydar: “Azərbaycan xalqı xoşbəxtdir ki, Nizami kimi şairi var...”
Nyu Dehlidə Nizami Gəncəviyə həsr olunan beynəlxalq elmi konfrans iki gün, 4 sessiyada keçirildi. Tədbirdə Azərbaycan və hind alimləri ilə yanaşı, Hindistanda yaşayan türkiyəli və qazaxıstanlı nizamişünas alimlər də iştirak edirdilər. “Nizaminin ədəbi irsi, onun “Xəmsə”si bütün dünyanın sərvətidir, bu söz dahisi Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirib. Şairin yaradıcılığlı yüksək sənətkarlığı, humanizmi ilə Yaxın Şərq xalqlarının ədəbiyyatına, eləcə də hind ədəbiyyatının inkişafına güclü təsir göstərib” – bu fikirlər beynəlxalq elmi konfransda çıxış edən bütün alimlərin yekdil fikri kimi səslənirdi.
...AMEA-nın müxbir üzvü Teymur Kərimli “Nizami Gəncəvi əsərlərində türk xarakteri”, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Azərbaycan və Hindistan ədəbi və mədəni əlaqələrinə bir baxış”, professor Mənsurə Haydar “Nizami Gəncəvinin əsərlərinin tarixi əhəmiyyəti”, professor Nəsim Əhməd Şah “Cammu və Kəşmir kitabxanalarında Nizami “Xəmsə”sinin əlyazmaları və onların dəyərləndirilməsi”, AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, professor Siracəddin Haci “Nizami poeziyasının fəlsəfəsi”, professor Aynul Həsən “Nizami Gəncəvi poeziyasının mahiyyəti və dəyəri”, professor Cəfəri “Nizami Gəncəvinin Mövlana Azad kitabxanasında yer alan əlyazmalarında Nizami sənəti və düşüncələri”, Dr. Möhsün Əli “Füzuli və Nizaminin “Leyli və Məcnun” əsərlərinin müqayisəli təhlili və tədqiqi”, Dr. Sayfulla Saifi “Nizaminin Əligarh və Cəmiyyə Milliyə kitabxanalarındakı əlyazmaları haqqında”, M.F.Axundov adına Milli Kitabxananın Xarici əlaqələr şöbəsinin müdiri Xəyalə İsmayılova “Nizami Gəncəvinin Azərbaycan Milli Kitabxanasında əlyazmaları” adlı məruzələrlə çıxış etdilər. Ümumilikdə, konfransda 14-ü professor olmaqla 24 alimin məruzəsi dinlənildi.
AMEA N.Gəncəvi adina Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimli: “Nizaminin 870 illik yubileyinin Hindistanda keçirilməsi Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin, Azərbaycan dövlətçiliyinin uğurlarından biri kimi qiymətləndirilə bilər. Çox sevindiricidir ki, artıq dünyada belə bir stereotip pozulmağa başlayır ki, Nizami Gəncəvi İran şairidir, yox, artıq dünyada Nizamini Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyytətinin, fəlsəfəsinin hadisəsi kimi qəbul edirlər. Bu, bizim uğurumuzdur.”
İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin vitse-prezidenti, Nizami irsinin tədqiqatçısı, professor Mənsurə Haydar: “Konfransın əhəmiyyəti ondadır ki, ona sizin dövlət dəyər və dəstək verir. Azərbaycandan görkəmli alimlərin, mütəxəssislərin Hindistana gəlməsi, burada keçirilən yubiley tədbirlərində iştirakı onun əhəmiyətini daha da artırır. Hər xalqın müdrik şairləri olur. Mən Nizami Gəncəvi yaradıcılığı ilə tanış olandan sonra düşündüm ki, Azərbaycan xalqı xoşbəxtdir ki, belə bir şairi var. Onun əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə xidmət edir.”
Qeyd edim ki, professor Mənsurə Haydar 40 ildən çoxdur Dehli Universitetində çalışır. Şərqşünasdır, fars dili mütəxəssisidir, atasının yolu ilə gedib. Nizami yaradıcılığı ilə tanışlığı da bu dil vasitəsi ilə olub. Deyir, Nizaminin əsərlərindəki humanizm, müdrik kəlamlar onu çox heyrətləndirib: “Onun əsərləri humanizmdən doğub. Amma bu humanizm fəlsəfəyə bələnib”. Onunla müsahibəmizdə professor Mənsurə Haydar Azərbaycan qadınlarını da çox sevdiyini söyləyir. Gəncliyində atasının işi ilə bağlı bir müddət keçmiş SSRİ-də olub. Azərbaycan qadınları ilə də o vaxt tanış olub. Rus dilini də gözəl bilir. Nizaminin Vətəninə gəlmək, həmçinin Azərbaycan qadınları ilə daha yaxından tanış olmaq arzusundadır...
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev: “Mən konfrasın ilk iclasına rəhbərlik edirdim. Hindli həmkarlarımızın çıxışlarını dinləyəndən, onların Nizamiyə olan məhəbbətini görəndən sonra bir daha qəti qərara gəldim ki, Nizami bir xalqa mənsub olan şair deyil, o, bütün bəşəriyyətin oğludur. Nizami Gəncəvi kimi şairlər, Rabindranat Taqor kimi yazıçılar bütün bəşəriyyətə mənsubdurlar. Çox sevindim ki, Nizamini Hindistanda bu qədər sevirlər.”
Hindşünas alim, professor Suşma Catu: “Nizaminin əsərləri bizim şair və yazıçılarımızın, incəsənət adamlarımızın yaradıcılığına da böyük təsir göstərib. Ölkəmizdə Nizami ilə bağlı ilk dəfə belə bir tədbirin keçirilməsi bizi çox sevindirir. Alimlərimiz Nizami ilə bağlı geniş tədqiqatlar aparıblar. Düşünürük ki, bu kohfrans nəinki Nizami irsinin, Nizami dövrünün öyrənilməsinə töhfə olacaq, həmçinin alimlərimiz arasında əlaqələrin genişlənməsində də mühüm rol oynayacaq.”
İndira Qandi adına Milli Mədəniyyət Mərkəzi Katibliyinin üzvü Depali Xanna: “Nizaminin yubileyinin burada keçirilməsindən çox məmnunuq. Bu, bir başlanğıc və gələcək görüşlərimizə təkandır. Konfransın materillarını İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinin veb saytında yerləşdirəcəyik, həm də toplu halında çap edəcəyik.”
Digər hindli nizamişünas alimlər ölkələrində Nizami Gəncəvi yaradıcılığına böyük maraq olduğunu xüsusi qeyd edirlər: “Hind alimləri Nizami ilə bağlı böyük tədqiqatlar, elmi araşdırmalar aparıblar, Dehli Universitetində Nizami yaradıcılığını öyrənən və tədris edən departament fəaliyyət göstərir, Cammu və Kəşmir kitabxanalarında, Mövlana Azad Kitabxanasında Nizaminin əlyazmaları, əsərləri saxlanılır, elmi şəkildə araşdırılır və öyrənilir...”
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Quliyev: “Nizami Azərbaycan, Şərq intibahının qızıl səhifəsini yazıb. “Xəmsə”si ilə bəşəri və milli dəyərlərin yeni mənzərəsini yaradıb. Onun poeziyasının üfüqləri bütün planeti əks etdirir və misilsiz tolerantlığına görə dünyanın diqqətindədir. Nizami söz sənətində elə bir nizam yaradıb ki, Nizami sözü şair sözünün sinonimi kimi səslənir. Nizami sanki bir ərazidir, elə bir ərazi ki, onu işğal etmək olmaz, çünki Nizami “Azərbaycanlıyam” deyən hər bir insanın ruhunda, canındadır. Hətta belə çağırışlar var, belə düşüncələr var ki, Nizami fars dilində yazıb, başqa xalqa məxsusdur, amma bütün dünyanın marağı bir daha göstərir ki, Nizamini başqa xalqın adına yazmaq olmaz...”
Konfransda ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi perspektivləri də müzakirə olundu. Ölkəmizin Hindistandakı səfirliyin əməkdaşı Toğrul Əliyev çıxışında İndira Qandi adına Milli Mədəniyyət Mərkəzinə müraciət edir: “Təkliflərinizi səfirliyə göndərin, bunun nəticəsində gələcək işləri müəyyən etmək olar”.
Konfransın bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri Vaqif Quliyev daha bir şad xəbər verir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə bundan sonra Nizami yubileyləri hər iki ildən bir qeyd ediləcək. İnanıram ki, hind alimləri də həmin tədbirlərdə iştirak edəcəklər...”
Konfrans Nizami irsinin uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olduğunu bir daha təsdiq etdi. Hindistanlı professor Muşirukl Hasanın: “Mən bir daha yəqin etdim ki, Nizami Azərbaycan şairidir” fikrini isə konfransın yekunu və uğuru kimi qəbul etmək olar...
Nizami Azərbaycanın mənəvi dəyəridir...
Nizami Gəncəvinin Hindistandakı yubiley tədbirləri qəlbimizi fəxarət hissi ilə doldurdu. Hindistanda Azərbaycan ədəbiyyatına və mədəniyyətinə böyük sevgini görmək çox xoş idi. Bir məqamı isə xüsusi qeyd etmək istəyirəm: alimlərimiz konfransda Nizamini yetirən Azərbaycan torpağını yüksək səviyyədə təmsil etdilər, Nizamini daha yaxından tanıtdılar. Düşünürsən ki, bu alimlərin hər biri Azərabaycanın bir dəyərli parçasıdır...
Professor Qəzənfər Paşayevin məruzəsi öz yerində, onun bütün çıxışlara diqqət kəsilməsi, yeri gələndə tutarlı və haqlı müdaxilələri, tərcüməçinin səhvlərinə düzəlişi, hətta bəzən özünün tərcüməçilik etməsi ikiqat diqqəti çəkir, eyni zamanda zalın əhvali-ruhiyyəsini dəyişir, xoş ovqat yaradırdı. Onun gənc hind aliminin Nizami haqqında gözəl çıxışına dərhal reaksiya verməsi, haqqında yüksək fikir söyləməsi, həmin məqaləni tərcümə edərək Azərbaycanda çap edirəcəyinə dair vədi isə hind alimlərini çox sevindirir. Qəzənfər müəllim “Azərbaycan ədəbiyyatı antologiyası”nı (ingiliscə) hindli həmkarlarına göndərəcəyinə də söz verir, deyir ki, bu antologiyadan istədiyiniz əsəri seçib hind dilinə tərcümə edə bilərsiniz.
AMEA-nın müxbir üzvü Teymur Kərimli sadə, təmkinli görkəmi ilə sanki bir müdriklik nümayiş etdirir, çıxışları ilə isə bu müdrikliyini, daxili zənginliyini təsdiq edir. O, konfrans iştirakçılarının Nizami ilə bağlı mübahisəli suallarını tutarlı dəlillərlə, faktlarla cavablandırır, hətta elə cavablar verir ki, hər fikrinin sonunda hind alimləri onu alqışlayırlar...
AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, Siracəddin Hacı Nizamidən ingiliscə şeir söyləməsi, M.F.Axundov adına Milli Kitabxananın Xarici əlaqələr şöbəsinin müdiri Xəyalə İsmayılova maraqlı məruzəsi, Vaqif Quliyev gah məmur, gah şair, ziyalı ampluasında ağıllı mövqeyi ilə yadda qalır. “Nizami dünyası xalçalarda” sərgisindəki hər bir eksponat üzərində əsən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin baş elmi işçisi Rəma Zeynalovanın, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirləri Fikrət Babayevin, Əli Rəsulovun, təşkilati işlərlə məharətlə məşğul olan Aslan Cəfərovun, tərcüməçilik işini uğurla yerinə yetirən yazıçı-tərcüməçi Kamran Nəzirlinin, eyni zamanda ölkəmizin Hindistandakı səfirliyinin əməkdaşları, gənc diplomatlarımız Azad müəllim, Rauf, Toğrul, Nəvainin vətənpərvərliyini də mütləq qeyd etmək lazımdır...
Azərbaycan!...
Nizami Gəncəvinin yubiley tədbirləri ölkəmizin Hindistandakı səfirliyinin verdiyi ziyafətlə davam edir. Mərasimdə Türkiyə, Gürcüstan, Əlcəzair, Belarus və Qırğızıstanın Hindistandakı səfirləri, diplomatik korpusların nümayəndələri də iştirak edirdilər. Azərbaycanin Hindistandaki Fövqəladə və Səlahiyyətli Səfiri İbrahim Hacıyev Nizami Gəncəvi yubileyinin dünyanın bütün xalqları üçün bayram olduğunu söyləyir. Sonra Azərbaycan və Hindistanın incəsənət ustalarının iştirakı ilə böyük konsert oldu. Əvvəlcə Xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Mələkxanım Əyyubova üçlüyü çıxış etdi. Xalq artisti Azər Zeynalovun Nizaminin sözlərinə yazılan “Sevgili canan”, “Sənsiz” romansları, eləcə də “Azərbaycan” mahnısını konsertin zirvəsi saymaq olardı. Onun “Azərabycan” mahnısı isə cəmi-cümlatani üçcə gün uzaq düşdüyümüz Azərbaycan üçün qəribsədiyimizi sübut edir, hər birimizi kövrəldir...
Yeri gəlmişkən, Hindistan mətbəxi haqqında. Bu mətbəxin təamlarından ilk dəfədir ki, dadırıq. Yeməklər çox istiotludur. Hindistan mətbəxində, demək olar ki, üç dad qabarıq hiss olunur: şirin, turş və acı. Dondurma isə çox dadlıdır. Hətta nahar vaxtı maraqlı bir hadisə də baş verir: kimsə Qəzənfər müəllimin (professor Qəzənfər Paşayev) dondurma yediyini görüb soruşur: “Qəzənfər müəllim, soyuqdur?” Hamımız gülüşürük. Qəzənfər müəllim isə gülə-gülə: “Özü də necə soyuqdur...” deyir. Bir məqamı da qeyd etmək istəyirəm: Hindistanda kök adamlara, demək olar ki, rast gəlmirsən. Burada əhalinin çoxu vegeteriandır – yəqin bu səbəbdən....
...Paytaxt Dehlidə gəzməli, görməli yerlər çoxdur. Təəssüf ki, tədbirlər proqramının zənginliyi, üstəlik, xəbərləri isti-isti Bakıya göndərmək məsuliyyəti gəzmək imkanını məhdudlaşdırır...
Nizaminin yubileyi ilə bağlı tədbirlər dünyanın ən möhtəşəm memarlıq abidələrindən biri olan Tac Mahala səfərlə yekunlaşır. Səhər tezdən saat 6-da “Hans” otelindən çıxıb Hindistanın Aqra şəhərinə yola düşürük. Avtobusda bizi yenə də Nizami “müşayiət” edir: Azər Zeynalovun səsində, “Sənsiz”lə, “Sevgili canan”la...
Aqraya aparan yol boyu bir məqam daha qabarıq görünür: yaşıllıq, nəhəng ağaclar və çox yüksək səviyyəli əkin mədəniyyəti...
...Aqranı arzuların gerçəkləşdiyi şəhər adlandırırlar. Arzularına çatmaq istəyənlər bura gəlirlər. Deyilənə görə, Aqrada imperator Əkbərin qəbri üstündə dua edən sonsuzlara Allah övlad verir. Bəlkə, bura turistlərin daha çox gəlməsinin bir səbəbi də elə budur...
Dünyanın hər yerindən hər kəsin görməyə can atdığı Tac Mahal da bu şəhərdə yerləşir...
Bu da Tac Mahal...
Bəli, bu da Tac Mahal. Çox möhtəşəmdir! Deyildiyi kimi var! Dünyanın yeni 7 möcüzəsindən biri! Təbrizdən gətirilən türk memarlarının yaratdığı sevgi simvolu. Abidənin planını istanbullu Məhməd İsa Əfəndi çəkib, qübbəni memar İsmayıl Əfəndi tikib, divarlardakı yazıları isə yenə istanbullu xəttat Səddar Əfəndi yazıb...
Dünyada, bəlkə də, heç bir memarlıq əsəri Tac Mahal qədər məşhur deyil. Gözlərimizin şahidlik etdiyi turist axını da bu fikri təsdiqləyir. İnsan axınının ardı-arası kəsilmir. Turistlər arasında yerli əhalinin çoxluğu da diqqətimizdən yayınmır. Tac Mahala ayqqabı ilə girmək olmaz. Ziyarətçilərə “selofan ayaqqabı” verilir. Girişdə əyləşən hindli geyindirir bu ayaqqabını qonaqlara: bu, adamı narahat edir...
Cahan şah arvadı Ərcümənd banu – Mümtaz Mahal üçün tikdirib Tac Mahalı (1631-1650). Cahan şah Ərcümənd banuya 16 yaşında aşiq olub, evlənmək üçün 5 il gözləyib onu. O, çox sevdiyi bu ağıllı və gözəl qadını özü ilə hər yerə aparar, onun fikirlərini nəzərə alarmış. Qadın 14-cü uşğını dünyaya gətirərkən ölür, Cahan şah 8 gün evdən çıxmır, yemir, içmir, arvadına yas saxlayır. 9-cu gün evdən bayıra çıxanda saçları ağappaq olur. O, arvadının xatirəsinə bir türbə tikdirməyi qərara alır...
Mərmərdən tikilən möhtəşəm qübbənin yerdən yüksəkliyi 82 metrdir. Ağ mərmərdən 4 minarəli türbə tərəflərinin mütənasibliyi, ideal simmetriyası, hədsiz gözəlliyi ilə adamı heyran edir. Tac Mahalın divarları həqiqi təbii daşlarla bəzədilib. Mümtaz Mahalın və öləndən sonra onun yanında dəfn edilən Cahan şahın tabutları üst qatdadır. Burada mərmər oymaçılığının ən gözəl nümunəsini görmək mümkündür...
Tac Mahalı gəzərkən son vaxtlar mətbuatı zəbt edən bir söz-söhbəti xatırlayıram: “Tac Mahal çökə bilər...” Burada gördüklərimiz və eşitdiklərimiz isə bu fikrin həqiqətdən uzaq olduğunu təsdiq edir...
Tac Mahal indiyədək saf eşqin simvolu kimi yaşayır. Bu türbəyə bizi gətirən isə Nizami sevgisi oldu, “Ruhumu sevgiyə qərq edin” deyən və 9 əsrə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün özü də dünyanın sevgisinə bürünən Azərbaycan şairi Nizami Gəncəvinin sevgisi. Nə xoş ki, Tac Mahal kimi Nizami sənəti, Nizami sənətkarlığı da bütün zamanlara meydan oxuyur və heç şübhəsiz, bu, dünya durduqca belə olacaq...
Nizami Gəncəvi qədim Azərbaycan şəhəri Gəncədə doğuldu, bütün ömrü boyu bu şəhərdə yaşadı. Amma dünya ədəbiyyatına parlaq söz-sənət inciləri bəxş etdi. Əsrlər ötür, Nizami sözünün hikməti zərrə qədər də azalmır. Şairin 870 illik yubileyi ilə bağlı tədbirlər bir daha təsdiq edir ki, zaman bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami Gəncəvi yaradıcılığını tarixin arxivinə atmaqda çox azizdir...