Modern.az

Deputatlar da Sevinc Babayevanı axtarırlar

Deputatlar da Sevinc Babayevanı axtarırlar

22 Dekabr 2012, 13:41

“Mandat bazarlığı”nın vasitəçisi kimi məşhurlaşan bu xanım millət vəkillərini necə aldadıb...

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin Gülər Əhmədova ilə “mandat bazarlığı”na vasitəçilik etmiş keçmiş kitabxana direktoru Sevinc Babayeva barəsində Modern.az saytına çox maraqlı məlumatlar daxil olub.

Modern.az-ın etibarlılığına əmin olduğu mənbədən əldə etdiyi məlumata görə, Sevinc Babayevanın hazırda Milli Məclisin mandatını daşıyan bir neçə deputatla da gizli işbirliyi olub. Belə ki, S.Babayeva hələlik adını açıqlamaq istəmədiyimiz bir deputatdan onun övladını dövlət orqanında yüksək vəzifəyə işə düzəltmək üçün böyük məbləğdə pul alıbmış. Amma çoxlarını aldatmağa müvəffəq olan bu xanım millət vəkilinə də loru dillə desək, “atıb” və işi həll edə bilməyib, eyni zamanda deputatın pulunu da qaytarmayıb.

Digər məlumata görə, Sevinc Babayeva daha iki hazırki deputatı da aldadıb. O, həmin deputatların Rusiyanın ali məktəb filiallarında tələbə olan övladlarının Azərbaycanın ali məktəblərinə köçürülməsini təşkil edə biləcəyinə dair vədlər verərək, onlardan yüksək məbləğlərdə pul alıb. Təbii ki, bu vədlər də gerçəkləşməyib.

Məlumata görə, Sevinc Babayevanın “tələsinə” düşmüş deputatlar da hüquq-mühafizə orqanlarının axtarışa verdiyi xanımın izini arayırlar ki, hansısa yollarla pullarını geri alsınlar.   

Qeyd edək ki, S.Babayeva əvəllər “Xeyir və Şər” qəzetinin parlament müxbiri kimi Milli Məclisə gedib-gəlirmiş və həmin müddətdə bir çox deputatla əlaqələr qurmağa müvəffəq olub. Deyilənə görə, o, hətta bəzi jurnalistlərə bir sıra deputatlarla əlaqə yaratmaqda vasitəçilik də təklif edibmiş... Jurnalistlər deyirlər ki, millət vəkillərindən bəziləri onu sadəcə “Seva” deyə çağırırmışlar.

Amma Modern.az-a daxil olan məlumatlar sırasında Sevinc Babayevanın bəzi vəzifəli şəxslərə köməyinin dəydiyi də qeyd olunur. Bildirilir ki, müxtəlif dövlət orqanlarında yüksək postlar tutan məmurlarla sıcaq əlaqələri olan bu xanım bəzi vəzifəli şəxslərin Rusiyanın ali məktəblərində tələbə adı qazanmış övladlarını Azərbaycandakı universitetlərə köçürtməyə nail olub. Hazırda bir sıra ali məktəblərdə məhz Sevinc Babayevanın himayəsilə köçürülmüş belə “tələbələrin” təhsil aldığı vurğulanır.

Bir müddət öncə yayılan məlumatlara görə, Sevinc Babayeva əvvəllər törətmiş olduğu dələduzluq əməllərinə görə axtarışa verilib, həmin dələduzluq faktları ilə bağlı cinayət işi də başlanıb. S.Babayeva hazırda Azərbaycanda olmadığı, ya da Bakıda kimlərinsə himayəsində gizləndiyi barədə ziddiyyətli iddialar var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu