“BMT Qazaxıstan hakimiyyətini insan haqlarına hörmət etməyə, bütün tərəfləri təmkinliyə çağırır".
Modern.az xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Qazaxıstanda etirazçılara atəş açılması ilə bağlı ölkə rəhbərinin göstərişinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Qazaxıstanda zorakılıq və qətllər qəbuledilməzdir.
“Qazaxıstandakı vəziyyəti diqqətlə izləməyə davam edirik və bütün tərəfləri təmkinliyə, zorakılıqdan çəkinməyə və vəziyyəti həll etmək üçün dinc vasitələrdən istifadə etməyə çağırırıq”, - deyə Dujarrik əlavə edib.
O qeyd edib ki, zorakılığa son qoyulması vacibdir, nümayişçilər öz aksiyalarını dinc şəraitdə keçirməlidirlər: “Polis əməkdaşlarının və digərlərinin öldürülməsi qəbuledilməzdir, nümayişçilərin öldürülməsi də eynilə. İstənilən vəziyyətdə ictimai asayişin bərpası zamanı insan hüquqlarına və beynəlxalq standartlara hörmətlə yanaşmağa ehtiyac var”.