Dekabrın 22-də Bakının müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının növbəti yarmarkaları keçirilib.
Xətai rayonu ərizisində, “Bakı” kinoteatrının qarşısında keçirilən yarmarkaya kənd təsərrüfatı naziri İsmət Abasov da baş çəkib. Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı, ət məhsulları və s. satılırdı. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılırdı. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Baytarlıq Xidməti tərəfindən diqqətlə yoxlanılır və sonra satışına icazə verilirdi.
Kənd təsərrüfatı naziri İsmət Abasov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanıblar.
Nazir qiymətlərlə maraqlanıb, satışa çıxarılan məhsuların keyfiyyətini yoxlayıb, satıcılarla, yarmarkaya gələnlərlə söhbət edib, onların fikirlərini dinləyib, kənd təsərrüfatı məhsularının, o cümlədən ət və süd məhsullarının keyfiyyətini yoxlayan labarotoriyalara baxıb. Labarator yoxlamadan keçirilmədən satışa çıxarılan ət İ.Abasovun tapşırığı ilə yığışdırılıb və yoxlamadan keçirilib. Nazir ətin yoxlamdam keçirilməsi prosesini izləyib.
İ.Abasov jurnalistlərə açıqlamasında deyib ki, belə soyuq havada insanların yarmarkalara gəlib alver edib-etmədiklərini yerindəcə yoxlamaq üçün yarmarkaya baş çəkmək qərarına gəlib: “Gördüyünüz kimi yarmarkada xeyli insan var. Qiymətlər sərfəlidir, insanlar alver edirlər. Həm alıcılar razıdırlar, həm də satıcılar öz məhsullarının satışı üçün belə bir şəraitin yaradılmasına görə ölkə rəhbərliyinə təşəkkür edirlər. Yarmarkaların təşkil olunması məhsul istehsal edən insanların məhsullarını özlərini gətirib satmalarına imkan verir. Gərək insan ədalətlə danışa, qiymətlər məni qane etdi. Belə yağışlı, soyuq havada məhsul gətirib satmaq asan deyil. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı o qədər də asan başa gəlmir. Bunun üçün yayda istiyə, qışda soyuğa, yağışa dözməlisən. İnsanlar bu məhsulları min əziyyətlə istehsal edirlər. Belə əziyyətlə başa gələn məhsulu dəyər-dəyməzinə satılmasının da tərəfdarı deyiləm. Məhsulu istehsal edənlər onu maya dəyərindən 20-30 faiz baha satmalıdırlar. Çünki onlarda gəlir götürməlidirlər ki, öz övladlarını dolandıra bilsinlər, yenə də məhsul istehsal edə bilsinlər”.
İ.Abasov bildirib ki, prezident İlham Əliyevin tapşırığı ilə 2006-cı ilin yayından yarmarkalarn keçirilməsinə başlanıb və o vaxtdan indiyədək ümumilikdə 680 yarmarka təşkil olunub: “İndiyədək yarmarkalarda təxminən 150 min ton kənd təsərrüfatı məhsulları satılıb. Bu gün və sabah Bakıda keçirilən yarmarkalarda satışa təxminən 600 ton kənd təsərrüfatı məhsulları çıxarılacaq. Əvvəldən müəyyən olunmuş yerlərdə şənbə və bazar günləri yarmarkaların keçirilməsi davam edəcək. Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 28-dən 31-dək yarmarkalar təşkil olunacaq”.
Yeni il bayramı ilə əlaqədar olaraq bazarlarda süni qiymət artımın qarşısının alınmasına gəlincə, nazir qeyd edib ki, bazarlarda qiymətlərə nəzarət etmək məsələsi Kənd Təsərrüfatı Nazirliyinə aid deyil. Eyni zamanda hökumətin qərarına əsasən kənd təsərrüfatı məhsullarının qiymətinin müəyyənləşdirilməsi sərbəstdir: “Məhsulu istehsalçısı onu hansı qiymətə istəsə sata bilər. Amma bu o demək deyil ki, kimlərsə bayram olmasından fürsət kimi istifadə edib məhsulu baha qiymətə satmalıdır. Biz bunu düzgün saymırıq. Bununla yanaşı imkanlı insanlar var və ola bilər ki, onlar yarmarkaya gəlmək istəmirlər, yaxud da yarmarka onların yaşadıqları yerlərdən uzaqdır. Ona görə də bazara gedib məhsulları daha baha qiymətə alırlar. Biz onlara deyə bilmərik ki, bazarlara getməyin”.
İ.Abasovun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkalara daimi nəzarət edirlər. Yeni il bayramı ilə əlaqədar olaraq yarmarkalara nəzarətin gücləndirilməsi üçün nazirlikdə xüsusi əmr imzalanıb: “Nazirliyin şöbə müdirləri, müavinləri, sektor müdirləri yarmarkalara təkim olunub. Hər yarmarkaya 2-3 nəfər nəzarət edir. Məqsəd yarmarkalarda qiymət artımına yol verməməkdir”.
2012-ci ilin yekunlarını qiymətləndirən nazir deyib ki, bu ilin on bir ayının yekunlarına əsasən aqrar sahədə istehsalda 5,7 faizdən artıq artım qeydə alınıb. İlin yekununda 6%-lik artım gözlənilir: “Lakin bu artım bizi qane edə bilməz, çünki kənd təsərrüfatı sahəsində daha yüksək artım potensialı var. Azərbaycanda yaradılan fermer kooperativləri ölkədə istehsal olunan ümumi kənd təsərrüfatı məhsullarının həcmini artıracaq, onların maya dəyəri isə aşağı düşəcək”.
Onun sözlərinə görə, artıq Azərbaycan fermerləri birgə işin üstünlüklərini başa düşürlər və buna görə də ölkədə kənd təsərrüfatı kooperasiyası prosesi başlayıb: “Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı dövlət başçısının sərəncamına uyğun olaraq artıq Ağcabədi və Beyləqan rayonlarında ilk fermer təsərrüfatları yaradılıb. Kooperasiyaların yaradılması nəticəsində gələcəkdə ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmi artacaq, onların maya dəyəri aşağı düşəcək, eyni zamanda, ölkənin kənd təsərrüfatı məhsullarının ixrac potensialı yüksələcək. Yaradılan fermer kooperativləri ölkənin kənd təsərrüfatı sahəsində yüksəkixtisaslı kadrlara tələbatı artıracaq və onların üzə çıxmasına imkanlar yaradacaq”.
İ.Abasov qeyd edib ki, “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsi artıq Milli Məclisdə birinci oxunuşdan keçib və onun gələn ilin yaz sessiyasında qəbulu gözlənilir.
İ.Abasov bildirib ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilbəil artır. Məhsul istehsalı artdıqca qiymətlərin də aşağı düşməsi tendensiyası özünü göstərir. Ümumilikdə indiyədək 680 yarmarka keçirilib, 150 min ton müxtəlif kənd təsərrüfatı məhsulları satılıb. Yarmarkalar bundan sonra da davam edəcək.
Yarmarkada nazir İsmət Abasov ev üçün bazarlıq edib.
Modern.az