Modern.az

Deputatlardan İlham Əliyevə ...

Deputatlardan İlham Əliyevə ...

Parlament

24 Dekabr 2012, 11:31

İlham Əliyevin adının sirri...

Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Heydər oğlu  Əliyevin doğum günüdür. Prezidentin 51 yaşı tamam olur. İlham Əliyevin anadan olduğu gün köhnə ilin bitməsi ilə yeni ilin başlanğıcı arasında cəmi bir həftəlik fərq təşkil edir. Bəlkə elə buna görədir ki, Azərbaycan Prezidenti daim yeniliyə can atır, yeni ideyalarla, dünyaya yeni baxışlarla çıxış edir. İlham Əliyevin doğum günü ərəfəsində bir şeyi də kəşf etdim ki, bu da ONUN adı ilə bağlıdır. Prezidentin adının çox maraqlı bir sirri var imiş. Əlbəttə, burada söhbət adın mənasından yox, İlham adındakı gizlənən sirdən gedir. Bunu mən hələ dekabrın 10-da kəşf etdim. Sən demə, Prezident İlham Əliyevin adında onun ailə üzvlərinin adlarının baş hərfləri birləşirmiş. İ – İlham, L- Leyla, H – Heydər, A- Arzu, M-Mehriban. Maraqlıdır, deyilmi? Prezident adının baş hərfi onun öz adını, ikinci hərfi böyük qızı Leyla Əliyevanın, üçüncü hərfi oğlu Heydər Əliyevin, dördüncü hərfi kiçik qızı Arzu Əliyevanın və nəhayət, beşinci hərfi, ölkənin birinci xanımı Mehriban Əliyevanın adının baş hərfidir. O da maraqlıdır ki, İlham adının ilk və sonuncu hərfləri ailə başçılarının adlarının baş hərflərindən, ortadakı adlar isə övladların adlarının baş hərflərindən ibarətdir. Bu da onu ifadə edir ki, ailə hər zaman valideynlərin əhatəsindədir və onların qayğısı övladların üzərindədir.

Prezident İlham Əliyevin tərcümeyi-halını xatırlatmadan qeyd edib ki, onun təltif olunduğu orden, mükafat və fəxri adların siyahısı kifayət qədər çoxdur – 36. Bu gün əlbəttə ki, dövlət başçısını təbrik edənlər çoxdur. Onların arasında Milli Məclisin deputatları da var.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəbli:

- Azərbaycanda ilk dəfə olaraq İlham Əliyevin dövlət quruculuğunda regional idarəetmə aspektləri meydana çıxdı. Regionların sosial iqtisadi inkişaf proqramları, hər regiona məxsus problemlərin açılması, oranın xarakterinə uyğun olan məsələlərin ortaya qoyulması məhz bu dövrə təsadüf edir. Bu, Azərbaycanda lk dəfə idi və çox maraqlı idi. Ölkəmiz 10 regiona bölündü və sosial iqtisadi inkişaf proqramlarında həmin bölgələrin problemləri qoyuldu. İlham Əliyevin idarəçiliyinin ən birinci özəlliyi bundan ibarətdir. İkinci önəmli məsələ bu idi ki, İlham Əliyevin dövlət quruculuğuna səbəbi  önə çəkildi. Nəticə ilə yox, səbəblə mübarizə apardıq. Məsələn, sağlamlığın qorunması üçün idman kompleksləri tikildi, su təmizləyici qurğular işə salındı, diaqnostika mərkəzləri tikilib istifadəyə verildi. Ümumiyyətlə, xəstəliklərin qarşısının alınması üçün qanun qəbul olundu. Ailələrlə məşğul olduq ki, uşaqlar zərərli vərdişlərdən uzaq dursunlar. Bu gün uşaq evlərinə verilən uşaqların sayı azalıb. Üçüncü istiqamət budur ki, Azərbaycanda nə iş görülübsə, dünyəvilik nəzərə alınıb. Tikinti, abadlıq və quruculuq işləri birmənalıdır. Dördüncü istiqamət proqramlarla idarəetmədir. Ölkədə bütün məsələlər proqramlarla həll olunur. Məsələn, səhiyyə sahəsində 80 proqram mövcuddur. Hər bir proqram konkret məbləğ və müddətdir. Bu da olduqca maraqlıdır. Ən başlıcası isə son 10 ildə İlham Əliyev xarizması formalaşdı. Dünya onun xarizmasını tanıdı. Azərbaycanda beynəlxalq tədbirlər keçirilməyə başlandı. Dünya üzünü Azərbaycana çevirdi. Azərbaycanda tez-tez beynəlxalq tədbirlərin, “Eurovision-2012” yarışmasının keçirilməsi, Avropa Olimpiya Hərəkətanın olması İlham Əliyevin uğurlarıdır. Mən Prezidentimizə can sağlığı arzu edirəm. O, hər birimiz üçün örnək və nümunədir. Arzu edirəm ki, İlham Əliyev uzun müddət Azərbaycanın rəhbəri olsun və iyirmi illikləri əks etdirən proqramlar həyata keçirsin.            

Milli Məclisin deputatı, professor Kamilə Əliyeva:

- Bu gün ölkə Prezidenti cənab İlham Əliyev haqqında nəsə demək mənim üçün çox şərəfli və məsuliyyətlidir. İlham Əliyev öz ölkəsi üçün, onun vətəndaşları üçün mümkün olduğundan da çox işlər görüb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, əsrin müqaviləsi olan neft müqaviləsinin uğurlu davamı, Azərbaycanın dünyada nüfuzunun durmadan artması, Avropanın enerji təminatında Azərbaycanın rolu, ölkə daxilindəki siyasi sabitlik və vətəndaş həmrəyliyi, günü-gündən inkişaf edən iqtisadi artım, insanların yaşayış səviyyəsinin yüksəlməsi, ölkənin hər bir şəhər və kəndinin abadlaşması möhtərəm Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Müsahibələrimdə qeyd etdiyim kimi, Azərabaycan xalqı fəxr edir ki, onun İlham Əliyev kimi prezidenti var. Mən inanıram ki, böyük problemimiz olan Qarabağ problemidə yaxın zamanlarda cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunmaqla həll olunacaq. Fürsətdən istifadə edərək, cənab Prezidentimizi ad günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, çətin və şərəfli işində uğurlar arzulayıram.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əli Hüseynli:

- İlham Əliyevin fəaliyyətini belə bir faktla səciyyələndirmək yerinə düşərdi ki, dünya ölkələri tarixində çox az prezidentlər olub ki, onlar hakimiyyətdə olduqları müəyyən dövrdə reytinqlərini qoruyub saxlasınlar, yaxud artıra bilsinlər. Cənab İlham Əliyevin başqalarından fərqi ondadır ki, biz çox zaman onun xalq arasında daim sabit və əksər hallarda artan reytinqini müşahidə edirik. Biz ilk növbədə onun xalqa bağlılığını Azərbaycanın müstəqilliyini qorumağı ilə, ərazi bütövlüyü məsələsinə həddən artıq prinsipial yanaşması ilə, sadə insanlara mənən bağlı olması ilə səciyyələndirirəm. Buna görə də uzun illərdir onun reytinqi belə yüksəkdir. Mən çox təəssüf edirəm ki, bəzi beynəlxalq təşkilatların, o cümlədən Avropa Birliyinin Azərbaycandakı nümayəndəsinin İlham Əliyevin dünyada reytinqinin etiraf etməsinə bəzi opponentlər dözümsüz yanaşır. Amma bu, reallıqdır və bununla barışmaq lazımdır. Məncə, bu onunla bağlıdır ki, ölkə prezidenti ölkəmizin və xalqımızın qarşısında duran məsələlərin həlli ilə məşğuldur. O, daim gündəmdədir. Bir insan kimi şəxsi keyfiyyətləri, bilik və bacarıqları, geopolitik, hətta çox mürəkkəb situasiyalarda belə, qeyri-ənənəvi, amma düzgün qərarları onun nüfuzunun daim yüksək olmasına xidmət edir. Əsas faktor isə onun xalqın iradəsinə söykənməsidir. Məhz buna görə də bütün qərarları kifayət qədər qətiyyətli olur və müsbət nəticələnir. Hüquqi dövlət quruculuğunda mövcud olan prinsipləri inkişaf etdirməyə başlamışıq. Mənə elə gəlir ki, İlham Əliyevin prezidentliyi dövründə ən çox üstünlük verdiyimiz faktorlar insan hüquqlarının qorunması və şəffaflığın artırılması ilə bağlı atılan addımlardır. Çünki müasir dövr bunu tələb edir. Eyni zamanda bir fikri də xüsusi vurğulamaq istəyirəm. Bir neçə il öncə qonşu ölkələrdə silsilə narıncı inqilablar baş verərkən  prezident İlham Əliyev həmin proseslərə dair belə bir fikir söyləmişdi: “Vaxt gələcək həmin ölkələrin xalqları öz tarixlərinə qiymət verəcəklər”. İndi həmin ölkələrdəki prosesləri izləsək görərik ki, İlham Əliyev bu fikri çox müdrikcəsinə söyləyib. Özümüzü qonşu ölkələrlə müqayisə etmək istəməzdim, amma bizim seçimimiz sabit, ardıcıl inkişaf daha çox xeyir verdi, nəinki populist çıxışlar, inqilabi addımlar.

Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov:

- Bizim universitetdə belə fikir formalaşıb ki, hər bir insanın doğum gününün, yubileyinin qeyd olunması əslində bir hesabatdır. Alimlərin, dövlətin ali struktur rəhbərlirinin doğum gününün, yubileyinin qeyd olunması böyük hesabatdır. Amma prezidentin doğum gününün qeyd olunması həm ölkə daxilində, həm qlobal düşüncə çərçivəsində, həm də beynəlxalq müstəvidə çox maştablı hesabatdır. Həmin gün insan geriyə baxıb xalq, millət üçün nə etdiyini düşünür. Mən bir ziyalı kimi möhtərəm Prezidentimizi təbrik edir, ona can sağlığı arzu edirəm. İlham Əliyev Azərbaycan xalqı, millətimiz üçün çox iş görüb. Xoşbəxt o xalqdır ki, onun ümummilli liderinin siyasi kursu ölkədə uğurla davam etdirilir. İlham Əliyev bu siyasəti uğurla, düşüncə ilə, milli təəssübkeşliklə davam etdirə bilir. Ölkəmiz müharibə şəraitində olsa da, əldə olunan dinamik inkişafın kökündə Heydər Əliyevin dövlətçilik modeli və bu modelin İlham Əliyev tərəfindən davam etdirilməsi dayanır. Bir ziyalı olaraq Prezidentimizə minnətdarlıq etmək istəyirəm ki, onun hər üç sərəncamından ikisi Azərbaycan elminin, təhsilinin inkişafına yönəldilib. İstər təhsil işçilərinin sosial problemlərinin həllinə, istər təhsilin maddi-texniki bazasının gücləndirilməsinə, istərsə də təhsilin qlobal müstəviyə çıxarılmasına sadə yanaşmaq olmaz. Bu gün təhsildə üç istiqamətdə çox böyük inkişaf gedir. Ölkə başçısının sərəncamları ilə ölkə daxilində müəyyən reformalar aparılır, proqramlar həyata keçirilir, xarici ölkələrə tələbələr göndərilir. Və üçüncü istiqamət budur ki, həmin tələbələrin ölkəyə qayıdıb gələndən sonra əldə etdikləri biliklərdən istifadə edə bilməsi üçün təhsilin maddi-texniki bazası gücləndirilir. Son 10 ildə Azərbaycanın təhsili xeyli irəliləyib. Dünya təhsilinin Azərbaycana gətirilməsi prezidentimizin siyasətidir. Mən bu islahatı xüsusi dəyərləndirirəm. azərbaycan prezidenti təhsilə böyük qayğı göstərir. Ona görə də biz ona minnətdarıq. Onu əmin edirik ki, qarşıdan gələn prezident seçkilərində çox böyük qüvvə olan təhsil işçiləri birmənalı olaraq İlham Əliyevi dəstəkləyəcək.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Musa Quliyev:

- Cənab İlham Əliyev XXI əsr Azərbaycan cəmiyyətinin şəksiz və şəriksiz lideridir. Bunu onun keçdiyi həyat yolu, siyasi məktəb, təmsil və rəhbərlik etdiyi siyasi partiyanın cəmiyyətdə rolu, mövqeyi və prezident olduğu 10 il ərzində Aərbaycan xalqına, dövlətinə göstərdiyi xidmətlər təsdiq etdi. Eyni zamanda dünyada yüksək reytinqi və nüfuzu olan siyasi liderlər içərisində də seçilən, tanınan və hörmət olunan bir şəxsdir. Bu da bütün Azərbaycan xalqına qürur verir. Cənab İlham Əliyev hələ 2003-cü ildə prezident seçilərkən and içmə mərasimində verdiyi sözün qısa müddət ərzində cəmiyyətdə təsdiqini təmin etdi. O demişdi ki, “mən hər bir azərbaycanlının prezidenti olacam”. Yəni, təkcə müstəqil Aərbaycan Respublikasının hər bir vətəndaşının prezidenti yox, həm də dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlının prezidenti oldu. Bu gün dünyada yaşayan bütün azərbaycanlılar İlham Əliyevi özlərinin siyasi lideri kimi tanıyır və qəbul edir. İlham Əliyev Azərbaycanın o liderlərindəndir ki, verdiyi bütün vədləri yerinə yetirib. İstər siyasi, istər sosial-iqtisadi, istərsə də xalqın maddi rifahının yüksəldilməsi ilə bağlı verilən bütün vədlər öz əksini tapıb. Yəni, İlham Əliyev reallıqlara əsaslanan siyasət yürüdən və bütün siyasi fəaliyyətində xalqının, dövlətinin maraqlarını və gələcək perspektivlərini düşünərək addımlar atan real bir siyasətçidir. İlham Əliyevin bütün fəaliyyəti xalqın, dövlətin qüdrətinin yüksəldilməsinə yönəlib. Elə bir gün olmur ki, İlham Əliyev hansısa ölkəyə, Azərbaycanın regionlarına səfər etməsin, beynəlxalq tədbirlərdə iştirak etməsin, müxtəlif ölkələrdən və nüfuzlu beynəlxalq təşkilatlardan gələn siyasətçiləri, dövlət xadimlərini qəbul etməsin. Artıq Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi gündəlik həyat təcrübəsinə çevrilib. Azərbaycan bu gün nüfuzlu beynəlxalq təşkilatlarda söz sahibidir. Dünyada tanınan beynəlxalq iqtisadi təşkilatlar Azərbaycanla bağlı hər il daha müsbət fikirlər ortaya qoyurlar. Cənab İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycana hər zaman uğur gətirən bir siyasətçidir. Bu uğurlar uzun illər davam edəcək. İnanıram ki, növbəti seçkilərdə də Azərbaycan xalqı İlham Əliyevi bir daha öz lideri kimi qəbul edəcək. İlham Əliyev nəinki müstəqil Azərbaycanın, mən deyərdim ki, Azərbaycanın mövcud olduğu dövrdə onun yeganə rəhbəridir ki, böyük cəsarətlə Azərbaycanın itirilmiş torpaqlarının adını çəkir və torpaqların Aəzrbaycan xalqına məxsus olduğunu göstərir. O, Zəngəzurun, Göyçənin, İrəvanın da taleyini düşünür və bu bir çağırışdır ki, Qarabağ məsələsi həll olunduqdan sonra perspektivdə hansı siyasət olacaq. Bu mübarizə yolunda cənab Prezidentə uğrular diləyirəm. İnanıram ki, gələcək illərdə İlham Əliyevin doğum günü xalqın milli bayram güünə, yüksəliş gününə çevriləcək.

Elməddin MURADLI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım