“Rusiyanın hədəfində Özbəkistandır. Bunu Daşkəndin son günlər atdığı addımlar da göstərir. Ölkədə ordunun təbliği gücləndirilib, Özbəkistana giriş qaydaları dəyişdirilib, məktəblərdə qış tətili yanvarın 25-dək uzadılıb, əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün Rusiyaya qaz ixracı dayandırılıb”.
Modern.az xəbər verir ki, bunu “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiyanın Qazaxıstan və Mərkəzi Asiyaya yönəlik siyasətini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu günlərdə Özbəkistan prezidenti Ş.Mirziyoyevin Türkiyə prezidenti Ərdoğanla telefon danışıqları olub:
“Özbəkistan bir çox mənada, ilk növbədə də goesiyasi baxımdan bölgənin açar dövlətidir və bunu Rusiyada da yaxşı anlayırlar.
Rusiyanın Mərkəzi Asiya istiqamətində hücumu böyük geosiyasi layihənin bir hissəsidir. Hədəfdə Şərq-Qərb iqtisadi və ticari əlaqələrini təmin edən bütün coğrafiyanın nəzarət altına alınmasıdır. O cümlədən də Əfqanıstanın”.
Siyasi şərhçi bildirib ki, Rusiya lideri V.Putininin hədəfi Qazaxıstandan Özbəkistana, ordan da Əfqanıstana hərbi müdaxilədir:
“Bir sözlə, Rusiya SSRİ-ni batıran bataqlığa doğru irəliləyir. Bir o fərqlə ki, bu dəfə onun yolunun üzərində sovet dövründəkindən daha çox "tələlər" və "çalalar" var”.