Bir müddət öncə koronavirusun yeni “Omicron” variantının aşkar edilməsi bəzi ölkələrin yenidən qapanma qərarlarının müzakirəsinə səbəb olmuşdu.
Azərbaycanda necə, “Omicron” virsunun tapılması yenidən real sektorda qapanmalara gətirib çıxara bilərmi?
Bu barədə Modern.az-a danışan iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, hətta ştam yeni yayılan zaman dünya birjalarına, eləcə də neft bazarına ciddi təsir etsə də, sonradan qlobal bazalarda bu təsirlər uzun müddətli olmadı və genişmiqyaslı qapanma qərarları verilmədi:
"Qlobal iqtisadiyyat da artıq fərqli növ virusların “kəşfinə” adaptasiya olub və “iqtisadi immunitet” yaranıb.
Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, epidemioloji vəziyyətdən asılı olaraq qərarlar verilir. Bununla belə, indiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir.
Bununla belə, dünya bazarlarında, eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər. Buna görə də, iqtisadiyyatdakı mövcud artım tempinin qorunub saxlanması üçün sərt karantin tədbirlərinin yenidən tətbiqi məqsədəuyğun deyil".