Yanvarın 2-də Qazaxıstanın Janaozen və Aktau şəhərlərində başlayan iğtişaşlar hələ də davam edir. Ölkəyə KTMT daxilində üç minə yaxın sülhməramlı daxil edilib.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Qazaxıstadakı hadisələrin necə cərəyan edəcəyi barədə Modern.az-a danışıb.
Onun sözlərinə görə, Qazaxıstan siyasi hakimiyyəti və oraya daxil olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələri tərəfindən düzgün siyasi diaqnoz qoyulmayıb:
“Bütün bunlar başda Rusiya olmaqla, Qazaxıstan siyasi rəhbərliyinin oynadığı oyundur. Əsas məqsəd burada Qazaxıstanı Putinin istədiyi ittifaqlara cəlb etməkdir. Buna görə də ölkənin birinci prezidenti Nazarbayevi siyasi proseslərdən uzaqlaşdırıblar. Onun sağ və harada olması haqqında heç bir məlumat yoxdur. Əslində Qazaxıstanda gedən proseslər nə siyasi inqilabdı, nə də Tokayevin dediyi kimi hakimiyyət çevrilişinə cəhddir. Bunların hamısı uydurmadır”.
Politoloqun sözlərinə görə, əhali sosial təlimatlarla çıxış etməyə çalışdı:
“Buna qarşı isə KTMT altında gələn, əslində isə Rusiya döyüş qoşunları ölkəyə girdi. Həmin əhaliyə qarşı heç bir xəbərdarlıq etmədən atəş açdılar, xeyli insan itkisi var. Qazaxıstanda dindar, terrorçu yox, sadə xalq qalxmaq istədi, onu da silahla susdurdular. Hazırda Qazaxıstanda əsas məsələ bəzi don geydirilmiş hadisələrin araşdırılmasıdır. Ölkəyə sülhməramlı adı altında daxil olan qüvvələrin ölkədən çıxarılmasıdır. Bunların hamısı Qazaxıstanın suverenliyinə zərbədir.
Tokayev “sülhməramlılar çıxacaq” desə də, dəqiq tarix açıqlamırlar. Bu kimi hallar Qazaxıstanın müstəqilliyinə qarşı atılmış addımlardı. Rusiyanın bundan sonra hansı addımlar atacağı sual altındadır. Hansı oyunları oynayacağı çətindir. Amma hər halda Qazaxıstanda olanlar Rusiyanın planladığı və həyata keçirdiyi tələ idi. Bu da Qazaxıstanın müstəqil olaraq davam etməsinə çox böyük əngəllər yarada bilər”.