Bu gün Müsavat Partiyasının Qurultaya hazırlıq üzrə təşkilat komitəsi növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,toplantıda diqqətə çatdırılıb ki, Müsavat Partiyası özünün növbəti qurultayını keçirmək üçün 2012- ci il ərzində dörd dəfə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edərək, bu məqsədlə 800-1000 nəfərin yerləşə biləcəyi yer ayrılmasını xahiş edib. Lakin, hakimiyyət nümayəndələri partiyaya qurultayın keçirilməsi üçün münasib yer ayırmaqdan imtina edib.
Təklif olunan yerlər isə qurultayın keçirilməsi üçün yararlı olmayıb. Qurultayın Gürcüstanda keçirilməsinə dair aparılan danışıqlar nəticəsində tədbirin bu ölkədə keçirilməsin mümkünlüyü aydınlaşıb. Lakin, bu məsələnin Gürcüstanda yeni formalaşan hakimiyyətlə Azərbaycan hakimiyyəti arasında problemlər yarada biləcəyini nəzərə alaraq, biz qurultayın öz ölkəmizdə keçirilməsinin tərəfdarıyıq.
Partiya qurultayın keçirilməsinə hazırdır. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi bir daha Bakı Şəhər İcra Hakimiyyətini Müsavat Partiyasına 800-1000 nəfərlik müvafiq yer ayırmağa çağırıb.
Yığıncaqda partiyanın nizamnaməsi və proqramının təkmilləşdirilməsi istiqamətində təklif olunan dəyişikliklər müzakirə edilib və dəyərləndirildi.
Təşkilat komitəsində həmçinin qurultaya hazırlıqla bağlı son texniki işlərin yekunlaşmasına dair razılıq əldə olunub.
Anar RÜSTƏMOV