Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 11-dən etibarən Kəlbəcər və Tovuz rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutur.
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, Ermənistanın xüsusi səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.
Ermənilərin təxribatları haqqında Modern.az-a danışan deputat Asim Mollazadə düşünür ki, ermənilərin məqsədi regionda stabilliyi pozmaq, ölkənin daxilindəki gərginlikdən diqqəti yayındırmaq məqsədi daşıyır:
“İstisna deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi həyata keçirmələri erməniləri həvəsləndirib. Azərbaycanla sərhəddə təxribat həyata keçirirlər ki, özlərinə hansısa fərqli dəstək qazansınlar. Amma ermənilərin istəyinə nail ola biləcəyini düşünmürəm. Üçüncü tərəfin müdaxiləsindən söhbət gedirsə, “Şuşa bəyannaməsi”ni xatırlatmaq yerinə düşərdi. Ermənistan özünə müttəfiq axtarır, Azərbaycanın isə artıq müttəfiqi var. Ordumuz istər öz gücü hesabına, istərsə də qardaş Türkiyə ilə birlikdə hərəkət etməklə, ölkəmiz bu təxribatların qarşısını ala bilər. Hansısa ölkələr Ermənistanın təxribatlarına qoşularsa, bunun qarşısında rəsmi Bakı tək dayanmayacaq”.
Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov xatırladıb ki, müharibədən ötən bir ildən çox zaman ərzində bu, Ermənistan tərəfinin ilk təxribatı deyil:
“Ermənistanın kapitulyasiyasından bu yana azad edilmiş ərazilərimiz, o cümlədən, Tovuz-Qazax bölgəsi istiqamətində təxribatlara cəhd edən düşmən, Azərbaycan Ordusu tərəfindən layiqli cavabını alıb.
Ötən dövrdə Ermənistan və Azərbaycan rəhbərləri arasında ümumilikdə dörd görüş keçirilib, üçtərəfli bəyanatdan irəli gələn tələblərin icrası razılaşdırılıb. Ermənistan tərəfi masa arxasında məğlub dövlət kimi razılığa imza atsa da, təxribatlarından əl çəkmir.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbərlik etməsi, eyni zamanda, Qazaxıstanda baş verən hadisələr, bunun fonunda Qazaxıstan rəhbərliyinin KTMT-yə müraciəti əsasında sülhməramlı qüvvələrin ölkəyə daxil olması Ermənilərin də ruhlanmasına səbəb olub. Bildiyiniz kimi, müharibə dövründə də Ermənistan tərəfi təşkilata müraciət etmişdi, lakin müsbət cavab ala bilməmişdi. İndi isə Nikol Paşinyan düşünür ki, sərhədboyunda yenə də təxribatlar törədərək, münaqişə görüntüsü yaradıb, KTMT sülhməramlıların bura göndərilməsini təmin edə bilər. Bütün bunlar absurd düşüncələrdir. 10 noyabr bəyanatında qeyd olunan fikirlər, eləcə də bundan sonra keçirilən görüşlərdə qəbul edilmiş qərarlar Nikol Paşinyanın istəyinə çatmayacağının göstəricisidir”.
A. Məmmədov hesab edir ki, təxribatların xüsusilə Kəlbəcər istiqamətində tez-tez təkrarlanmasının özəl səbəbləri də var:
“Ermənistan Xankəndi ilə əlaqəni artırmaq üçün ikinci bir yolun birləşdirilməsinə çalışır. Hələ SSRİ dönəmində Kəlbəcər strateji bölgə kimi qeyd edilirdi. Ermənilər isə Kəlbəcərin yaşayış üçün yararsız olduğunu iddia edərək, yeraltı və yerüstü sərvətlərini talamaq məqsədi ilə öz əraziləri kimi qələmə verirdilər. Ulu Öndərin səyi nəticəsində ermənilərin bu məqsədinin reallaşmasına imkan verilməmişdi. Ermənilər 44 günlük vətən müharibəsində aldıqları sarsıdıcı zərbəni unutmamalı, məğlubiyyətdən nəticə çıxarmalıdırlar. Prezident İlham Əliyev ötən il bu məsələlərlə bağlı Ermənistana mesaj verdi. Ermənilər anlamalıdır ki, düşmənçilik siyasətinə son qoymaq, gələcəyə baxmaq, qonşuluq və regionda sülh siyasətini davam etdirmək lazımdır”.
Deputat Elşad Mirbəşir oğlu da Ermənistanın təxribatlar törətməsinin təəccüb doğurmadığını hesab edir. Deputatın sözlərinə görə, mahiyyət etibarı ilə Ermənistan təxribatçı, terrorçu dövlət kimi tanınır:
“Heç kimə sirr deyil ki, Cənubi Qafqaz regionunda təhlükəsizliyə, sülhə davamlı təhdid yaradan amil Ermənistanın təxribatlarıdır. Bu addımlar gözlənilən idi.
44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbə qazanması nəticəsində 10 noyabr tarixində üçtərəfli birgə bəyanat imzalandı. Bunun şərtlərinə əməl olunması yekunda sülh sazişinin imzalanmasını şərtləndirməlidir. Hər şeydən öncə Ermənistan birgə bəyanatın şərtlərinə əməl etməkdən yayınmaqdadır. Təxribatların bir məqsədi də məhz yekun sülh sazişinin imzalanması prosesini ləngitməkdir. Qərbin bəlli dairələri münaqişə vəziyyətindən istifadə edərək Cənubi Qafqazda öz maraqlarını təmin edirdilər. İndi Ermənistan təxribatlar törədərək münaqişə vəziyyətinin olduğu haqqında təəssürat yaratmağa çalışır. Xüsusilə, Fransa və ABŞ artıq mövcud olmayan münaqişənin tənzimlənməsinin ATƏT-in Minsk qrupu formatında davam etdirilməsi çağırışları ilə çıxış edirdilər. Düşünürəm ki, Ermənistanın addımları da bu istiqamətdə müzakirələrin yenidən başlamasına nail olmağa hesablanıb. Ermənistan Müdafiə Nazirliyində mərkəzi idarəetmə sistemi demək olar ki, mövcud deyil. Ayrı-ayrı siyasi dairələrdən müdafiə sahəsinə təsir imkanları mövcuddur. Onlar isə öz maraqlarına cavab verdiyi halda ordunu belə təxribatlar törətməyə sövq edirlər”.
Azərbaycanın öz təhlükəsizliyini təmin etmək istiqamətində bütün addımları atdığını söyləyən E. Mirbəşir oğlu xatırladıb ki, BMT nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq, dünya dövlətləri fərdi və ya kollektiv şəkildə təhlükəsizliyini təmin etmək hüquqlarına malikdirlər:
“Azərbaycan dövlət sərhədində təxribatlar törədən düşmən tərəfini susdurur. Təxribatlar ermənilərin yaşadığı Azərbaycan ərazilərindən həyata keçirilərsə, ölkəmiz öz torpaqlarında antiterror əməliyyatları həyata keçirmək hüququna malikdir. Bununla bərabər siyasi təxribatlara da layiqli cavab veriləcək. Ermənistan artıq vəziyyəti dəyişəcək addımlar atmaq iqtidarında deyil. Törətdiyi təxribatların nəticəsinin ermənilər üçün necə olacağını Vətən müharibəsi dönəmində yaxşı gördülər. Təxribatlar Ermənistanın özünə və havadarlarına bumeranq effekti ilə qayıdacaq”.