Dekabrın 24-də Sumqayıt şəhərində, eləcə də paytaxtın Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binaları istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtdakı binanın açılış mərasimində iştirak ediblər.
Dövlət başçısı və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov əlillər və şəhid ailələri üçün inşa olunmuş binanın texniki göstəriciləri barədə dövlətimizin başçısına və xanımına məlumat verib. Mərasimdə Prezident çıxış edib.
İlham Əliyev deyib ki, son illər ərzində şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına beş minə yaxın mənzil verilib.
”Növbədə duranlar hələ vardır. Təqribən iki mindən çox ailə hələ növbədə dayanır. Onların məişət problemləri yaxın 3-4 il ərzində həllini tapacaqdır. Beləliklə, biz bu proqramı 3-4 ildən sonra başa çatdıracağıq”.
Prezident deyib ki, bu günə qədər 3500-dən çox əlilə dövlətdən maşınlar hədiyyə olunub.
“Biz bundan sonra da ehtiyacı olan və böyük hörmətə, qiymətə layiq olan soydaşlarımızın məişət problemlərinin həlli üçün əlimizdən gələni edəcəyik”-deyə Prezident vurğulayıb.
Uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı siyasətinin həyata keçirildiyini deyən Prezident bildirib ki, Xocalı soyqırımı artıq üç ölkə tərəfindən rəsmi qaydada soyqırımı kimi tanınıb.
”Əminəm ki, bu ölkələrin sayı getdikcə artacaqdır. Azərbaycanın haqq işi bütün beynəlxalq təşkilatların qətnamələri, qərarları ilə təsdiqlənir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər beynəlxalq təşkilatların qərarları, qətnamələri vardır ki, işğalçı erməni qüvvələri bizim torpaqlarımızdan geri çəkilsin. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və hələ ki, torpaqlarımız işğal altındadır. Məsələnin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur, ola da bilməz. Bizim mövqeyimiz tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanır.
Tarixi ədalət ondan ibarətdir ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı o torpaqlarda yaşamış, yaratmışdır. Bugünkü Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Bu, tarixi sənəddir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək haqqında qəbul edilmiş qərar idi. Bu qərar haqqında mən fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm ki, bu, böyük səhv və böyük cinayət idi. Ancaq bu, tarixi həqiqətdir. İrəvan xanlığı bizim tarixi torpağımızdır. Azərbaycanın tarixi torpaqlarında bir dəfə qondarma erməni dövləti yaradıldı, keçən əsrin əvvəllərində. Bu zəmanədə, indiki şəraitdə ikinci qondarma erməni dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılmasına biz heç vaxt imkan verə bilmərik. Bu, heç vaxt olmayacaqdır.
Çünki dünya birliyi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Heç bir ölkə Dağlıq Qarabağı tanımır və bu qondarma, kriminal rejim tərəfindən idarə edilən bir qurum sadəcə olaraq qanunsuz şəkildə fəaliyyət göstərir. Bu qurumun gələcəyi yoxdur, nə hüquqi baxımdan, nə də siyasi və iqtisadi baxımdan.
Çünki bu gün Azərbaycan bölgə məsələlərinin həllində həlledici sözə sahib olan bir ölkədir. Azərbaycanın imkanları, potensialı, ordumuzun gücü və siyasi çəkimiz artır. Bu gün Azərbaycan dünya məsələlərinin həllində öz rolunu oynayır, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ilin may ayında bu quruma rəhbərlik etmiş, dünyada gedən bütün məsələlərlə bağlı öz prinsipial və qətiyyətli mövqeyini bildirmişdir”.
İlham Əliyevin sözlərinə görə, gələn ilin sonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi başa çatacaq. Ondan sonra 2014-cü ilin əvvəlində yeni proqram qəbul ediləcək və bu proqramın icrası nəticəsində Azərbaycan iqtisadi imkanlarını ən azı iki dəfə artıra bilər.
”Ölkə qarşısında duran əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bütün başqa sahələrdə biz böyük uğurlara nail ola bilmişik. Bu uğurları sadalamaq üçün çox vaxt lazımdır. Azərbaycan ictimaiyyəti bütün bunları bilir. O ki qaldı Dağlıq Qarabağ məsələsinin həllinə, əfsuslar olsun ki, bu məsələ hələ ki öz həllini tapmır. Bu məsələnin həllində vasitəçilər hesab edirəm ki, daha da fəal olmalıdırlar. İşğalçı dövlətə çox ciddi siqnal verilməlidir ki, işğal edilmiş torpaqlardan çıxsın. Beynəlxalq hüquq normalarını pozmaq olmaz. Ancaq əfsuslar olsun ki, biz belə siqnalları görmürük. Daha çox balanslaşmış ifadələr eşidirik. Əlbəttə, işğalçı dövlət - Ermənistan indiki vəziyyəti, status-kvonu dondurmaq istəyir. Ancaq bu, mümkün olmayacaqdır. Ona görə yox ki, beynəlxalq qurumlar onlara təsir göstərəcəkdir. Biz buna o qədər də çox böyük ümid bəsləmirik. Biz öz gücümüzə arxalanırıq. Bütün məsələlərdə, iqtisadi-siyasi məsələlərdə olduğu kimi, bu məsələdə də öz gücümüzə, Azərbaycan xalqının iradəsinə və Azərbaycan Ordusunun gücünə güvənirik. Vaxt gələcək Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəkdir. Həm tarixi ədalət, həm beynəlxalq hüquq normaları bu haqqı tanıyır”.
Modern.az