Modern.az

11 yaşlı uşaq "patı"dan psixi xəstəyə ÇEVİRİLDİ

11 yaşlı uşaq

Aktual

13 Yanvar 2022, 11:59

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından narkotik maddə istifadəçisi olan azyaşlı haqqında məlumat paylaşıb.

 

Bununla bağlı Modern.az-a açıqlama verən K.Ağazadə bildirib ki, artıq 4 aya yaxındır ki, uşağa yardım etməyə çalışır, amma bu işdə aidiyyatı qurumlar ona dəstək olmurlar.

 

Onun sözlərinə görə, təxminən 11-12 yaşı olan İslam narkotik asılılığından "psixi" xəstəyə çevirilib:

 

“Aylar öncə bu uşaqla bağlı paylaşım etmişdim. Polis dedi tapa bilmirəm, ünvanı dəqiqliklə göstərdim, sonda saxladılar. Sosial Xidmətlər Agentliyinə yerləşdirildi. İlk gündən dedim ki, bu uşaq ruhi xəstəxanaya yerləşdirilməlidir. Heç kim məni dinləmədi. Bunun mexanizmini tapmaq lazımdır. Bununla bağlı bir çox dövlət qurumlarına müraciət ermişəm. Hamısı deyir, mənlik deyil. Bəs onda siz necə qurumsunuz?”

 

K.Ağazadə qeyd edib ki, zərərli vərdişləri olan, “patı” istifadəçisi uşağı sığınacağa qəbul edə bilməz:

 

“Bu uşaq narkotik maddə istifadə eləməkdən "psix"ə çevirilib. Səhv etmirəmsə, bir neçə dəfə Sosial Xidmət Agentliyinin sığınacağına da yerləşdirilmişdi. Amma qaçır. Bu uşağa sahib çıxmaq lazımdır. 4 aydan çoxdur mən uşaqla bağlı hərəkət edirəm. Qurumların hamısı bir söz deyir: Siz qəbul edin. Anlamırlar ki, mənim narkotikdən asılı olan bir uşağa reabilitasiya keçməyə imkanım yoxdur. Burada tamam başqa uşaqlar yerləşdirilib. Bu uşaq onlara xəsarət yetirsə nə olacaq? İdarəolunmaz uşaqdır. Ailə yoxdur. Amma bu o demək deyil ki, bu uşaq küçələrdə qalmalı, xilas olunmamalıdır”.

 

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Komitə Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyinin vasitəsilə bir neçə dəfə uşağı səhiyyə ocağına yerləşdirib:

 

“Dəfələrlə həmin səhiyyə ocağından qaçıb. Sonuncu dəfə də təcili yardım avtomobili ilə sığınacağa aparılarkən, yenə də qaçıb. Uşağın ailəsi 5 nəfərdən ibarətdir və  Bərdə şəhərində yaşayırlar. Qeydiyyatları, sənədləri yoxdur. Bununla bağlı Bərdə şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komisiyyasiyaya məlumat verilib. Bu gün həmin uşağın fotosu yenidən yayılıb. Görünür ki, uşaq yenə də yerləşdirildiyi müəsissədən qaçıb. Buna baxmayaraq, aidiyyatı üzrə Bakı Şəhər Baş Polis İdarəsinə dərhal məlumat verilib. Uşağın yeri müəyyənləşdirilib. Hazırda onun yenidən həmin ərazidən götürülərək, səhiyyə ocağına yerləşdirilməsi prosesi aparılır. Eyni zamanda uşağın sənədlərinin də hazırlanması işlərinə başlanılıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU