Milli Məclisin payız sessiyasının dekabrın 28-ə keçiriləcək son iclasının gündəliyi məlum olub. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bildirib ki, dekabrın 28-ə olan plenar iclasa 16 məsələ daxil edilib.
Bunlar Vergi Məcəlləsində dəyişiklik, “Xüsusi iqtisadi zonalar haqqında” Qanuna dəyişiklər edilməsi, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanun layihəsi, “Sərhəd qoşunları haqqında” Qanuna dəyişiklər, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanuna dəyişiklər edilməsi, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik, Əmək Məcəlləsində dəyişiklik, Cinayət Məcəlləsinə dəyişiklər edilməsi məsələlərdir.
“Bundan əlavə, bir neçə hökumətlərarası sazişlərin qəbulu, imzalanması, məsələn, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun birgə bəyanatının təsdiq edilməsi haqqında layihəsi, Tükdilli Ölkələrin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında sazişinin təsdiq edilməsi, Azərbaycan Respublikası hökuməti və İtaliya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi, Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında sazişə dəyişiklərin təsdiq edilməsi barədə qanun layihələri müzakirə olunacaq.
Eyni zamanda Azərbaycan hökuməti ilə Bosniya və Hersoqovina Nazirlər Şurası arasında iki sənədin – “Diplomatik xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi, “Gəlirlərə və əmlak vergilərinə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi məsələləri də iclasın gündəliyinə daxildir”.
A.Təvəkküloğlu qeyd edib ki, hər il payız sessiyasının son iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti olur. “O müraciətin təsdiq edilməsi haqqında məsələ də iclasın gündəliyinə daxildir”.
Aytən Əliyeva