Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini, hazırda həbsdə olan Nigar Yaqublunun adı ölkə prezidentinə təqdim olunan əfv siyahısına salınmayıb. Bu barədə Modern.az-a Milli Məclisin üzvü, hüquqşünas Çingiz Qənizadə məlumat verib. O, qeyd edib ki, mövcud qanunvericiliyə görə, Nigar Yaqublunun adı indiki durumda əfv siyahısına salına bilməz.
“Nigar Yaqublunun adı bu siyahıda ola bilməz. Çünki, əfv fərmanı barəsində qanuni qüvvəyə minmiş hökm olan şəxslərə şamil olunur. Nigar xanımın məsələsi apelyasiya məhkəməsində müzakirə olunacaq. Qanunun qüvvəyə minmə proseduru yəqin ki, yaxın 1- 2 ay ləngiyəcək. O baxımdan ona şamil oluna bilməz. Mən fürsətdən istifadə edib, deyirəm ki, Apelyasiya məhkəməsi zamanı ona qarşı çıxarılmış hökm dəyişdirilməlidir və cəza yumşaldılmalıdır. Bu həm cəmiyyətin arzusudur,həm də bizim arzumuzdur”, - deyə Ç.Qənizadə vurğulayıb.
Qeyd edək ki, dekabrın 19-da Abşeron Rayon Məhkəməsi tərəfindən Müsavat Partiyasının gənc üzvü Nigar Yaqubluya 2 il 6 ay müddətinə məntəqə tipli həbs cəzası kəsilib. N.Yaqublu bu ilin avqustun 25-də Aydın Acalovun ölümünə səbəb olan avtomobil qəzasında təqsirkar bilinir.
Anar RÜSTƏMOV