“Prezident yanında İctimai Palatanın yaradılması ideyası, xatırlayıram ki, 2016-cı ildən müxtəlif ictimai müzakirələrdə səslənib. Düşünürəm ki, Palatanın tərkibi normal formalaşsa, açıq fikirli, həqiqəti deməkdən çəkinməyən və gələcəyə yönəlik faydal fikirləri olan şəxslər təmsil olunarsa, bunun ancaq faydası dəyər”.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Prezident yanında İctimai Palatanın yaradılması təklifinə münasibət bildirərkən deyib.
“Dəfələrlə bu istiqamətdə fikirlərimiz olub ki, son illərdə vətəndaş cəmiyyəti sektorunda aparılan qüsurlu siyasət nəticəsində biz daha güclü resurslara malik hökumət sektoru və daha zəif vətəndaş cəmiyyəti sektoru qazanmışıq.
Son illərdə vətəndaş cəmiyyətinin ictimai nəzarət üçün zəruri resursları yetərincə minimuma endirilib.
Dövlət nəzarətinin təkmillşdirilməsi və gücləndirilməsi istiqamətində, korrupsiyaya qarşı mübarizədə müəyyən addımların atıldığı müşahidə olunsa da, görünən odur ki, vətəndaş cəmiyyətinin zəif olması bu sahədə də özünü göstərib.
Hazırda bütövlükdə hökumətin fəaliyyəti üzərində, verilən tapşırıqların, fərman və sərəncamların icrası üzərində ictimai nəzarətin daha effektiv təşkilinə və gücləndirilmədsinə ciddi ehticac var”, - O.Gündüz qeyd edib.
Onun sözlərinə görə, ən vacib məsələ isə məhz bu ictimai nəzarətin gerçəkləşməsi üçün vətəndaş cəmiəyyinə və mediaya zəruri şəraitin, imkanların yaradılmasıdır.
“Prezident son müsahibəsində də məhz bu məsələyə xüsusi önəm verib.
Fikrimcə, ictimai nəzarət üçün ən vacib amil ictimai informasiyalara əlçatanlıqdır.
Düşünürəm ki, ictimai nəzarət imkanlarını yaratmaq üçün hökumətin və məmurların şəffaflığı, informasiya açıqlığı artırılmalı, hesabatlılıq güclənməli, dövlət sektorunda rəqəmsallaşma güclənməli, dövlət resurslarından istifadə üçün şəffaf və ədalətli mexanizmlər yaradılmalı, bütün sektorlarda daha mütərəqqi həllər tətbiq edilməli, vətəndaşların rəqəmsal savadlılığı artırılmalı, vətəndaş-məmur təmasları minimuma endirilməlidir”.
Ekspertin fikrincə, Prezident yanında İctimai Palata bu proseslərə ciddi təkan verə bilər, ictimai dinləmələr vasitəsilə, vacib sahələr üzrə faydalı təkliflər və ideyalar verməklə bütövlükdə cəmiyyətin inkişafını xeyli sürətləndirə bilər.