Modern.az

Yeni qlobal SAVAŞ: kim kimə qarşıdır?

Yeni qlobal SAVAŞ: kim kimə qarşıdır?

Dünya

16 Yanvar 2022, 14:18

Dünya ölkələri üzərində hakimiyyət istəkləri yenilik deyil. Dünyamız iki qlobal müharibəyə şahidlik edib. Tarixin tozunu yenidən qaldırmağa dəyməz, hazırda dünyada baş verənlərə nəzər salaq.

 

Proseslər çox maraqlı və eyni zamanda, təhlükəlidir. 


Bunu Modern.az-a siyasi şərhçi Elman Vəliyev dünyada yeni qlobal müharibənin başlaması ehtimalını şərh edərkən bildirib.


Onun sözlərinə görə, dünya müharibəsi asan bir proses deyil:


“İlk olaraq, bu, iqtisadi, siyasi güc tələb edir. Müharibə nəticələri əvvəlcədən proqnozlaşdırlır, görək sərf edir, ya yox. Dünyada indi əsas gərginlik Rusiya ilə Ukrayna arasındadır. Ukrayna NATO blokuna daxil olmadığı üçün ona yardım edilməyəcək. Ukrayna ilə Rusiya arasında müharibə olarsa, sözsüz ki, Ukrayna uduzacaq.


Bəs yeni dünya müharibəsi üçün bloklar hazırdır?

Hesab edirəm ki, yox. Aşağıdan başlayaraq, yuxarı doğru çıxaq. Orta Şərq dövlətləri öz problemləri ilə yetəri qədər başları qarışıqdır. Nə Suriya, nə Fələstin, nə Misir, nə Qətər, nə də Livya və s. onlara aid olmayan müharibə üçün özlərini təhlükəyə atarlar. İkinci dünya müharibəsində dövlətlərin məqsədi dünya xəritəsini öz xeyirləri üçün dəyişmək idi. 3-cü dünya müharibəsinin səbəbləri fərqli ola bilər. Əgər müharibənin implementasiyası(icratı) olarsa, o enerji uğrunda ola bilər. 


Fransa, Almaniya, Britaniya və s. ölkələr istəməz ki, Ukrayna üçün müharibəyə qoşulsun. Ancaq bunlar Rusiyanın qərbə doğru genişlənməsindən ehtiyat edərək koalisiya qura bilsələr, bəlkə nəsə edə bilərlər. 


Çin Amerika ilə rəqabətdədir. Rusiyaya qarşı yanlış addım ataraq, öz maraqlarına xələl gətirməz. Hətta lazım gələrsə, Amerika işin içindədir deyə, Rusiyaya kömək də edə bilər. Türkiyə bacardığı qədər ona aid olmayan müharibələrdən yayınmağa çalışıb. İkinci dünya savaşında da neytral mövqe seçməyi üstün tutmuşdu. Doğrudur, Türkiyə NATO-da önəmli mövqeyə malikdir. Məhz Türkiyəni elə bu məsələlərə görə seçmişdilər. Unutmayaq ki, ən yaxşı "fiqur"a ən pis işləri gördürürlər. Buna yazılmamış qanun da deyə bilərik. Amma Türkiyənin iştirak etməmək hüququ da var”.

 

Ekspert bildirib ki, Belarus həmişəki kimi Rusiyanın tərəfindədir:


“Əgər Ukraynaya canı yanırsa, Amerika dəstək verər. Görünən odur ki, Amerika da özü deyil, başqalarının iştirak etməsini istəyir. Özü isə əvvəlki müharibələrdə olduğu kimi, qazanclı çıxan tərəf olmalıdır, deyə düşünür.

 

Rusiyanın NATO qarşısında irəli sürdüyü şərtlərdən bəziləri (şərqə doğru genişlənmənin dayandırılması kimi) qəbul edilmədi. Rusiya isə öz şərtlərinin qəbul edilməsi üçün təhdid mexanizmindən istifadə etməkdədir. Rusiya tərəfi aşkar bəyan edir ki, Kuba və Venesuelada orta mənzilli raketlər, qoşun yerləşdirə bilər. Bəs dediyini edə bilərmi? Zənn edirəm ki, bəli. Əvvəl də bunu dilinə gətirmişdi (1961) və icratını da gerçəkləşdirə bilmişdi. Amerika istəməz ki, burnunun dibində Rusiya arsenalı olsun. Amma Rusiya da ehtiyatını əldən vermir. Fikirləşir ki, bunlar təkbaşlarına mənə hökm edə bilməzlər, amma ola bilər ki, "vahid düşmən" obrazı adı altında koalisiya qursunlar. Subyektiv fikrimə əsasən, əgər Rusiyaya qarşı güclü koalisiya olsa, uduzma şansı yüksəkdir.


Ancaq hazırda dünya üçün müharibə əlverişli deyil. Digər yandan isə müharibə kimlərinsə varlanmasına, kimlərinsə yoxsullaşmasına səbəb ola biləcək mənfi prosesdir.


Rusiya vəziyyəti düzgün qiymətləndirməlidir. Ukrayna ilə müharibə fikrində ola bilsin ki, Rusiya qətiyyət nümayiş etdirir. Qazaxıstana göndərdiyi sülhməramlıları da geri çağırmasını ola bilsin ki, ordu sayının azalmaması üçün etdi. Ancaq kompromisə getmək bütün tərəflər üçün ən optimal variantdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal