Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Modern.az-a verdiyi məlumata görə, Braziliyadan ölkəyə heyvan mənşəli məhsulların ölkəyə girişi qadağan olunsa da, Hindistanın 5 şirkətinə ölkəmizə ət məhsulları ixrac etməsinə icazə verilib. Onun sözlərinə görə, bu ilin 11 ayı ərzində ölkəyə 5194 ton camış əti gətirilib:
“Hindistanda bir neçə camış kəsilən komplekslərdə, şirkətlərdə yoxlamalar aparıldı. Həmin şirkətlərdən yalnız 5-nə ət gətirməyə icazə verildi. Xarici ölkədən Azərbaycana ət və ya ət məhsulunun idxalından əvvəl ilk növbədə həmin ölkənin epizootik vəziyyəti araşdırılır. Bundan sonra da həmin məhsulların hər biri ölkəyə daxil olarkən onlardan nümunələr götürülür, Respublika Baytarlıq Laboratoriyasında yoxlanılır və sağlamlığı, standartlara cavab verirsə onun satışına icazə verilir”.
11 ayda ölkəyə gətirilən məhsulların heç bir narahatlıq doğuran hal aşkar olunmadığını deyən Yolçu Xanvəli onu da bildirdi ki, ölkəyə daxil olan məhsullarda hər hansı problem aşkar olunduqda həmin məhsullar gətirildiyi soyuducu ilə bilikdə geri qaytarılır: “Amma bu günə kimi belə hal aşkar olunmayıb. Zebu əti də ölkəyə idxal olunur. Ümumilikdə isə bu ilin 11 ayı ərzində ölkəyə 415 ton məhsul idxal olunub. Həmin məhsullarda da heç bir mənfi hal aşkar olunmayıb. Standartlara uyğun yoxlanılıb”.
Xidmət rəsmisi onu da bildirdi ki, dekabr ayının 19-dan ölkəyə Braziliyadan ət idxalına qadağa qoyulub. Həmin ölkədə “dəli dana” xəstəliyi yayıldığından oradan Azərbaycana ət idxalı dayandırılıb: “Həmin xəstəliyin karantin müddəti 7 il olduğundan bu müddətdə nə iri nə də kəsilmiş formada heyvan və heyvan məşəlli məhsulların idxalına icazə verilmir”.
Y.Xanvəlinin dediyinə görə, bu ilin 11 ayı ərzində isə ölkəyə Avropadan 1274 ton donuz əti, 2134 donuz piyi gətirilib. Həmin məhsullar da yoxlamadan keçirilib və heç bir neqativ hal aşkar olunmayıb.
Gültəkin Ələsgər