Bir müddət öncə vəfat edən tarixçi alim Aydın Balayevin ömrünün son günlərində yazdığı, amma çap etməyə zamanı çatmayan 3 kitabından birincisi nəşr olunub.
Modern.az-ın məlumatına görə, bu barədə mərhum alimin həyat yoldaşı Nailə Balayeva bildirib:
“"Azərbaycan türkləri. XIX–XХ əsrlərdə milli formalaşmanın əsas mərhələləri" adlanan bu əsərdə Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül prosesi araşdırılıb”.
N.Balayeva deyib ki, həyat yoldaşı bu kitabları bitirmək üçün Türkiyədən Bakıya gəlməyə və müalicəsini burada davam etdirməyə qərar veribmiş:
“Gəlməsəydi, müalicəsini Türkiyədə davam etdirsəydi indi bizimlə idi. İşləmək istəyirdi, darıxırdı. Yazdığı əsərlər həyatının mənası idi. Görünür belə olmalı imiş. Bu kitaba avtoqrafını qoyub dostlarına bağışlamaq qisməti deyilmiş. Kitabın tez bir zamanda nəşrə hazırlanmasında əməyi olan Bakı Kitab Klubunun əməkdaşlarına təşəkkür edirəm!”.
Tanınmış etnoloq, tarix üzrə elmlər doktoru Aydın Balayev 8 dekabr 2021-ci il tarixində dünyasını dəyişib.
O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub. Aydın Balayev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin və Rəsulzadə irsinin araşdırmaçısı idi.