Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukrayna və Gürcüstanın alyansa üzv olması ilə bağlı son vaxtlar ciddi addımlar atmağa çalışır. Qeyd olunur ki, ölkələrin təşkilata üzv olacağı barədə qərar verilib, amma hələlik vaxt müəyyən edilməyib.
Modern.az-ın məlumatına görə, alyansın baş katibi Yens Stoltenberq qeyd edib ki, Kiyev hazırda 2014-cü ildə Donbas münaqişəsinin başladığı vaxtdan qat-qat yüksək müdafiə qabiliyyətinə malikdir.
“Ukrayna təşkilata üzv olmaq üçün müraciət edib və biz onun islahatlarını dəstəkləyərək, ordunun standartlarımıza uyğun modernləşdirilməsinə kömək edib bu istiqamətdə işləmək qərarına gəldik. 2008-ci ildə biz Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağına qərar verdik, lakin dəqiq nə vaxt açıqlamadıq”, - deyə Stoltenberq söyləyib.
Stoltenberq xatırladıb ki, kollektiv müdafiə prinsipi yalnız NATO-ya üzv olan dövlətlərə aiddir, alyansın indi Ukraynanı müdafiə etmək öhdəliyi yoxdur. Buna baxmayaraq, o, müttəfiqləri qorumaq və alyansın şərq hissəsinə qoşun yerləşdirmək hüququnu qoruyub saxlayır.
Moskva öz növbəsində NATO-dan alyansı şərqə doğru genişləndirməkdən və “Ukrayna ərazisində, eləcə də Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiyanın digər dövlətlərində hər hansı hərbi fəaliyyətdən” çəkinməyi tələb edib.
Bəs NATO niyə Baltikyanı və ya Balkanlardan fərqli olaraq, Ukrayna və Gürcüstan üçün indiyə qədər ehtiyatlı davranır, onu bu qədər ehtiyatlı davranmağa vadar edən nədir?
Bu vəziyyət əslində beynəlxalq münasibətlər baxımından bizə bəzi məqamları göstərir. Tarix bizə soyuq müharibənin bitdiyini, Sovet İttifaqının dağıldığını göstərsə də, arxa planda olan hadisələr bunlarla məhdudlaşmır. Rusiyalı siyasətçilərin fikrincə, hər kəsin nəzarət etdiyi bölgə var, kənar şəxs yaxınlaşmaq istəsə, cəzasını alacaq. Bu ərazilər isə SSRİ-nin qalıqlarıdır. Moskva keçmiş sovet torpaqlarının toxunulmazlığını elan edib. Ona görə də Gürcüstan və Ukrayna, hətta Qazaxıstan bu mənada çox önəmlidir.
Rusiyanın xarici işlər naziri Lavrovun iki gün öncəki bəyanatı isə hər şeyi yekunlaşdırır:
“SSRİ dağılandan sonra Qərblə yeni xoşməramlı müqaviləmizə keçmiş Varşava müqaviləsi ölkələri və Aİ-nin şərq sərhədində Rusiya üçün təhlükə yaratmaması əksini tapmışdı. İndiki şəkildə Baltik dənizindən Qara dənizə qədər uzanan yüzlərlə NATO bazası və on minlərlə əsgəri var. Bu, qarşılıqlı anlaşmanın və təhlükəsizliyin pozulmasıdır. Mən çox aydın danışıram. Rusiya səbrinin sonuna çatıb. Təhlükəsizliyimiz üçün bütün addımlar atılacaq. Biz sanksiyalar təhlükəsindən qorxmuruq”.
Ukrayna və Gürcüstanın NATO-ya daxil olması Baltikyanı və ya Balkan ölkələrinin alyansa daxil olması qədər asan deyil. NATO-nun etməyə çalışdığı isə Rusiyanı qorxutmadan addım atmasıdır. Real həyatda çox vaxt rastlaşdığınız ayıları ürkütməsəniz, sağ-salamat qaçmaq şansınız var. Amma ayı balasına toxunsan nə etsən faydasızdır. Dünyanın ən çox nüvə silahına malik ölkəsi ilə də kimsə savaşmaq istəməz...