YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Şimali Kiprdə oxuyan azərbaycanlı tələbələrlə görüşəcək. Bu haqda Modern.az-a danışan deputat bildirib ki, 27-30 dekabr tarixində Şimali Kiprə səfəri gözlənilir.
“Şimali Kiprə səfər Doğu Akdeniz Universitetinin və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin dəvəti ilə baş tutur. Adı çəkilən qurumun təşkilatçılığı ilə Doğu Akdeniz Universitetində gerçəkləşəcək Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan “Azərbaycan: keçmişdən gələcəyə” adlı beynəlxalq konfransa qatılacağam. Konfransda “Türk xalqlarının həmrəyliyi dünyanın inkişafına töhfədir" mövzusunda çıxışım nəzərdə tutulub”, – deyə A. Mirzəzadə qeyd edib.
Deputat Şimali Kipr rəhbərliyi, Doğu Akdeniz Universitetinin rektoru və mətbuat orqanları ilə görüşünün planlaşdırıldığını söyləyib. “Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrlə də görüş olacaq. Tələbələrlə görüş zamanı, Kiprdə təhsil alan azərbaycanlı tələbələrin problemləri ilə maraqlanacağam, onları maraqlandıran sualları cavablandıracağam”.
A. Mirzəzadə bildirib ki, səfərin baş tutmasında Kiprdə təhsil alan azərbaycanlı tələbə Cəfər Mənsiminin böyük əməyini qeyd etmək lazımdır.
Sevinc İltifatqızı