Modern.az

Əli Əhmədov: “YAP seçkilərlə bağlı proqram hazırlayıb”

Əli Əhmədov: “YAP seçkilərlə bağlı proqram hazırlayıb”

26 Dekabr 2012, 15:59

“Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb”. Modern.az xəbər verir ki, bu fikiləri YAP-ın sədr müavini, icra katibinin müavini Əli Əhmədov hakim partiyanın saytına verdiyi müsahibədə bildirib. Ə.Əhmədov vurğulayıb ki, seçki ərəfəsində daha çox əziyyət çəkib sonda daha yüksək uğur qazanmaq partiyamızın strategiyasının bir hissəsidir:

“2013-cü illə bağlı Yeni Azərbaycan Partiyasının böyük planları və istəkləri var. Gələn il ölkədə prezident seçkiləri keçiriləcək və partiyamızın 2013-cü il üçün ən böyük layihəsi seçkilərin uğurla keçirilməsi olacaqdır. Dəfələrlə açıq şəkildə bildirmişik ki, Yeni Azərbaycan Partiyası hesab edir ki, Prezident İlham Əliyev qarşıdan gələn seçkidə bütün Azərbaycan xalqının namizədi kimi qəbul edilir, bütün xalqımız Onun namizədliyini dəstəkləyir və hesab edir ki, Onun növbəti 5 ildə də Azərbaycana rəhbərlik etməsi 2013-cü ilədək həyata keçirilən uğurlu siyasətin davam etdirilməsi və vətəndaşlarımızın gələcək uğurlardan faydalanması deməkdir. Bu sadə məntiq əsasında 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevə səs verəcək, onu növbəti beş il üçün Azərbaycan Prezidenti mandatı ilə təmin edəcəklər”.

YAP rəsmisi təmsil etdiyi partiyanın istəkləri ilə xalqın istəklərinin eyni olduğunu vurğulayıb.

“Bu, hər bir vətəndaşın, ailənin mənafeyinə uyğundur. Yeni Azərbaycan Partiyasının istəkləri ilə Azərbaycan vətəndaşının öz maraqlarından irəli gələn arzuları üst-üstə düşür. Fikrimcə, bu amil seçkilərin nəticələrinə təsir göstərən ən vacib faktor olacaq. YAP artıq qarşıdan gələn seçkilərə hazırlıq işlərinə başlayıb. Seçkilərin yüksək səviyyədə keçirilməsi üçün böyük bir proqram hazırlanıb və 2013-cü ilin ilk həftələrindən etibarən ardıcıl şəkildə həyata keçiriləcək. Seçki ərəfəsində daha çox əziyyət çəkib sonda daha yüksək uğur qazanmaq partiyamızın strategiyasının bir hissəsidir. İnanıram ki, seçkinin nəticəsi həm partiyamız, həm də xalqımız üçün əhəmiyyətli olacaq”, - deyə Ə.Əhmədov qeyd edib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək