Mübariz Əsgərov: “Xanım nənəni tapsanız, mütləq bizə də xəbər edin”
“Xanım nənəni tapa bilmirik. Kimdən soruşuruq gördüm deyən yoxdur”. Bunu Modern.az saytına ANS-dəki “Qulp” satirik telelayihəsinin müəllifi telejurnalist Mübariz Əsgərov “Qulp”un “Əməkdar artist” müsabiqəsinin qalibi Xanım nənə haqqında danışarkən deyib.
M.Əsgərov bildirib ki, Xanım nənə ilə əvvəllər onun qonşusu vasitəsi ilə əlaqə saxlasalar da, hazırda qonşu da nənənin harada olduğunu bilmir.
“Bakıda yaşadığı zaman onun qonşusuna zəng edirdik, o da Xanım nənəni telefona çağırırdı. Amma son günlər qonşu da onun harada olduğundan məlumatsızdır. Evinə də getmişik, orada da heç kim yoxdur. Sizdən də xahiş edirik ki, əgər onu tapsanız, nənənin yeri haqqında məlumat əldə etsəniz, bizə də xəbər edin”.
Qeyd edək ki, Cəbrayıl rayonundan məcburi köçkün olan Xanım nənənin hara getdiyi haqqında dəqiq informasiyamız olmasa da, onun Biləsuvar ərazisindəki köçkün şəhərciyində yaşayan qohumlarının yanında olması ehtimal edilir.
Yeri gəlmişkən, “Qulp”un “Əməkdar artist” müsabiqəsində qalib gələrək, “Zaporojets” marakalı avtomobil qazanan Xanım nənənin həmin maşını Biləsuvardakı köçkün şəhərciyində yaşayan yaxın qohumuna bağışladığı da bizə çatan informasiyadır.
Xanım nənənin tapılmasında oxucularımızın köməyi vacibdir. Modern.az saytı onunla geniş müsahibəyə hazırlaşıb...
Şahanə RƏHİMLİ