Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən hazırlanan “İstedadlı əlillərin cəmiyyətə inteqrasiyasına yardım göstərilməsi ilə onların yaradıcılıq imkanlarının təbliği” layihəsi çərçivəsində hazırlanan veb-saytın təqdimat mərasimi keçirilib.
Layihə çərçivəsində MDB təcrübəsində ilk dəfə olaraq istedadlı əlillərin sənət nümunələri və onların özləri haqqında məlumatları əhatə edən www.menbacariram.com və www.nobarriers.az saytları yaradılıb, həmçinin “Mənim möcüzəli dünyam” adlı albom-kataloq nəşr olunub.
Yeni layihə dövlət sifarişi əsasında əlillərin sosial reabilitasiyası sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən icra olunan ilk layihələrdən biridir. Albom-kataloqda 51 müəllifin əsərləri, əl işləri toplanıb və onlar haqda Azərbaycan, rus, ingilis dillərində məlumatlar dərc olunub. Eyni zamanda əlilliyi olan şairlərin şerlərindən ibarət “Ümidlər, arzular…” adlı şerlər toplusu nəşr edilib. Layihənin icrası ilə bağlı Bakı şəhəri və bölgələrdə, həmçinin Naxçıvan Muxtar Respublikasında 94 foto-sessiya aparılıb. Ümumilikdə, 1800-dən çox fotoşəkil çəkilib. 78 istedadlı əlil haqqında məlumat toplanaraq rus və ingilis dillərinə tərcümə edilib.
Qeyd edək ki, nazir müavini İlqar Rəhimov, nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, nazirlik yanında İctimai Şuranın üzvləri, əlil ictimai təşkilatlarının rəhbərləri və yaradıcı əlillər iştirak edib.
Şahanə RƏHİMLİ