Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı nüvə sazişinin tam icrasını bərpa etmək üçün Vyanada bərpa olunan danışıqlar kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı vəziyyət müzakirə olunub.
Həmçinin ikitərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən qarşıdan gələn siyasi təmasların məzmunu barədə fikir mübadiləsi aparılıb.
İran 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü (Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa) və Almaniya ilə saziş imzalayıb. Razılaşma İranın nüvə proqramının məhdudlaşdırılmasını və bu ölkəyə qarşı beynəlxalq sanksiyaların ləğvini nəzərdə tuturdu. 2018-ci ildə ABŞ “nüvə sazişi”ndən çıxdı və İrana qarşı sanksiyaları bərpa etdi.
Xatırladaq ki, JCPOA üzrə danışıqların səkkizinci raundu 2021-ci il dekabrın 27-dən 30-dək davam edib. Danışıqlar Vyanada aparılıb, daha sonra iştirakçılar fasilə verib.
Akif İsmayılov