Bir müddət əvvəl Hesablama Palatası tərəfindən Azərbaycan Müəllimlər İnstitutunda yoxlamalar aparılacağı bildirilmişdi. Hətta adıçəkilən ali təhsil ocağının rektoru, millət vəkili Aqiyə Naxçıvanlı yoxlamanın yolunu səbirsizliklə gözlədiklərini demişdi. Amma Hesablama Palatasının gəlişi hələ də ləngiyir.
“Hesablama Palatası noyabr ayında institutda yoxlamaya başlamalıydı, amma hələ ki gəlməyiblər, nə vaxt gələcəklərini də bilmirik. Onlar özləri bilərlər nə vaxt gəlirlər, öz işlərini özləri planlaşdırırlar, mən onlara zəng edib çağırmalı deyiləm ki? Biz də gözləyirik”, – deyə rektor bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Hesablama Palatası tərəfindən aparılan monitorinq zamanı Azərbaycan Dillər Universitetində təhsil ocağının məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğu faktı qeydə alınıb.
Nihadə Eyyubova