“Biz Müsavat Divanının toplantısında Təşkilat Komitəsinin yığıncağının çağırılması ilə bağlı məsələləri müzakirə etdik. Biz hakimiyyətə yenidən çağırış etməyi qarşımıza məqsəd qoyduq”. Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Arzu Səmədbəyli Bakı Şəhər İcra Hakimiyyətinə keçirmək istədikləri qurultayla bağlı müraciətdən danışarkən deyib.
Müsavat Partiyası Ali Məclisinin və Divanının üzvü onu da qeyd edib ki, bir neçə dəfə qurultay keçirilməsi ilə bağlı təşəbbüs göstərsələr də, hakimiyyət bunu müxtəlif bəhanələrlə rədd edib. Eyni zamanda qurultayın baş tutması üçün normal bir zal istədiklərini də qeyd edən Arzu Səmədbəyli müəyyən səbəbləri nəzərə alaraq, Gürcüstan variantından vaz keçdiklərini dilə gətirib.
“Hakimiyyət “Eurovision” mahnı müsabiqəsinə hazırlıq və məşqlərin getdiyini bəhanə gətirərək bizə yer vermədi. Azərbaycanın Gürcüstanla son dövrdə yaranmış münasibətləri düşünüb qurultayın adıçəkilən ölkədə keçirilməsindən imtina etdik. Biz tədbirin Bakıda baş tutmasını istəyirik. Hazırda gözləmə mövqeyindəyik”.
Müsavat Partiyasında yeni başqanın kim olacağı ilə bağlı məsələyə də aydınlıq gətirən Divan üzvü bunun hələ gündəmdə olmadığını deyib. “Qurultayın keçirilməsi üçün konkret yer ayrılmadığına görə, başqanlığa namizədlə əlaqədar məsələyə start verilmədiyindən bu haqda bir şey deyə bilmərəm. Bu, aktuallıq kəsb etsə, o zaman müzakirə predmeti ola bilər”.
Aqşin Kərimov