“Repetitorluğun səbəblərini məktəblərdə deyil, başqa yerdə axtarmaq lazımdır”. Modern.az xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, repetitorluq bütün dünyada olduğu kimi Azərbaycanda da var. Sadəcə bunun müsbət və mənfi tərəfləri var.
“O yerdəki təhsilin inkişafına xidmət edir, o zaman müsbət tərəfləri ilə razıyıq, amma əks təqdirdə mənfi tərəfləri olduqda biz bununla mübarizə aparacağıq. Repetitorluğun qarşısını alınması ilə bağlı beynəlxalq təşkilatlar tədqiqatlar aparır”.
M. Mərdanov lisey məktəblərinin başqa məktəblərdən fərqinin orada çalışan müəllimlərin əməkhaqqısının digər məktəblərin əməkhaqlarından 15 faiz çox olması ilə əlaqələndirib.
“Təhsilin keyfiyyəti yüksək olan məktəblərə lisey statusu veririk. Lisey məktəblərinə şagirdlər də seçmə yolu ilə qəbul edirlər. Əgər biz keyfiyyəti axtarırıqsa seçim etməliyik. Ancaq bizim borcumuzdur ki, Azərbaycanın bütün şagirdlərini icbari orta təhsil almağa şərait yaradaq”.
Nazir eyni zamanda kurrikulumla bağlı danışıb. O qeyd edib ki, kurrikulumla bağlı davamlı olaraq araşdırma aparılır. “Gələcəkdə bu aparılacaq. Bu fikrin müəyyən hissəsi ilə razıyam ki, Azərbaycanda kurrikulumun tətbiqi təzədir. Amma hər bir yeniliyin öz çətinliyi olur. Biz bunun üzərində işləri nəzərə alırıq və gələcəkdə də bu öz təsirini göstərəcək”.
Anar Kəlbiyev