Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın Türkiyə üzrə nümayəndəsi Ruben Rubinyan ilk dəfə Rusiyada görüşüblər. Amma görüş zamanı hansı məsələlərin müzakirə olunduğu barədə hələ də məlumat yoxdu.
Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan parlamentin iclasında bildirib ki, görüş tanışlıq məqsədi daşıyıb.
Türkiyəli siyasi ekspert Abdullah Ağar Modern.az-a açıqlamasında bildirib ki, Ermənistan və Türkiyə arasında əlaqələr normallaşma prosesindədir:
“Amma normallaşdığını və düzələcəyini demək üçün hələ çox tezdir. Sadəcə bir ümid var. Təmas yaranıb, bu təmas üzərindən əlaqələr qurulmağa başlanacaq. İndi Ermənistanın əvvəlki işğalları, Azərbaycanla diplomatik əlaqələrdə etmiş olduğu hiylələr, diasporu istənilən nəticəni əldə etməyə imkan vermir. Bundan sonrakı mərhələdə Ermənistan azad, müstəqil ölkə olaraq Türkiyə və Azərbaycanla əlaqələrini bərpa etməyə çalışmalıdır. Sosial, iqtisadi, coğrafi sahədə əlaqələrini gücləndirməlidir. Bunu isə bacara biləcəyini zaman içərisində görəcəyik. Deyə bilərik ki, hələ iki ölkə üçün də başlanğıc mərhələsidir. Təbii ki, müharibəni uduzmağının Ermənistan üzərində böyük təsiri var. Bəlkə biz hiss etmirik, amma iç hesablaşma, intiqam alma hissi Ermənistanda hələ də qalıb. Buna qədər Ermənistan türk xalqına qarşı nifrət hissi ilə addım atırdı. Bunun nəticəsini də Qarabağ müharibəsində gördü”.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan bundan sonra müharibədən də çıxarmış olduğu dərslərlə birlikdə yeni bir mərhələ başlada bilər:
“Mənim ümidim var, amma Türkiyə tərəfinin son dərəcə ehtiyatlı davranmalı olduğunu ifadə etməliyəm. Hətta Ermənistan bu mərhələni qarşılıqlı mənfəətlər yerinə, öz mənfəətləri üçün istifadə edə bilər. Bizim sülh istəmə arzumuzu belə, istifadə edə bilərlər. Bu da diqqət edilməsi lazım olan məsələdir. Ermənistana möhtac deyilik, onlar bizə möhtacdır. Sadəcə sülh istəyirik, amma haqqımızdan da əl çəkməyəcəyik. Xüsusilə də rusun arxasında qalan Qarabağ torpağından və Zəngəzur dəhlizindən əl çəkməyəcəyik. Ermənistan tərəfindən də hiyləgərlik görürük, bu tələyə düşməyəcəyik”.