Modern.az

Abbas Abbasov İlham Əliyevlə görüşdən danışdı: "Prezident mənə tapşırıqlar verdi" - YENİLƏNİB

Abbas Abbasov İlham Əliyevlə görüşdən danışdı: "Prezident mənə tapşırıqlar verdi" - YENİLƏNİB

26 Dekabr 2012, 18:31

Modern.az xəbər verir ki, dekabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev Moskvada yaşayan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovu qəbul edib. Görüş zamanı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Abbas Abbasovun oğlu Aydın Abbasov Modern.az-a açıqlamasında görüşün keçirildiyini təsdiqləyib və bundan artıq məlumata malik olmadığını deyib.

Qeyd edək ki, A.Abbasov  bir sıra tanınmış azərbaycanlıların Moskvada yaratdıqları Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) sədridir.

“Milyardelər İttifaqı” kimi tanınan bu qurumun ilk toplantısı bu il sentyabr ayının 28-də keçirilib. Daha sonra İttifaq verdiyi bəyanatla ciddi rezonans doğurub. Adı çəkilən qurum siyasətlə məşğul olmayacağını bəyan etsə də, onun çağırışı bəzi dairələrdə narazılıqla qarşılanıb.

Xatırladaq ki, sentyabrın 28-də ittifaqın Koordinasiya Şurasının ilk toplantısında RATİ adından Rusiyada fəaliyyət göstərən azərbaycanlıların bütün diaspor təşkilatlarına müraciət göndərilib, onlar yeni qurumda birləşməyə çağırılıb.

Rusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvləri çox tanınmış simalardır. Bura Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov, Telman İsmayılov və başqaları daxildir.

***

Görüşlə bağlı ANS-ə eksklüziv müsahibə verən Abbas Abbasov gələcək fəaliyyətlərinin bundan sonra necə qurulacağı barədə danışıb: “Cənab prezidentlə görüşdükdə bütün yeni yaranan təşkilatlar, Ümumrusiya Azərbaycanlıları Konqresi, Federal Milli-Mədəni Muxtariyyətimiz haqqında, demək olar ki, bütün bu məsələlər, qurumlar ətrafında dərin söhbətimiz oldu. Cənab prezident bu təşkilatların fəaliyyətini istiqamətləndirdi, öz tövsiyyələrini verdi və mənə bu məsələlərlə bağlı sıx əlaqə yaratmaqla yaxından məşğul olmağı həvalə etdi. Bütün bu boşluqları aradan götürməyi tapşırdı. Bu təşkilatların fəaliyyəti də Azərbaycan naminə, Azərbaycan-Rusiya əməkdaşlığı naminə, azərbaycanlılar naminə xidmət edəcək”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir