"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər" haqqında mövcud qanun layihəsinə yenidən baxıla bilər.
Bu barədə Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı məlumat verib.
Deputat yaz sessiyasında məsələyə baxıla biləcəyini vurğulayıb:
“Bildiyimiz kimi artıq Milli Məclis öz işinə - yaz sessiyasına başlayıb. Müvafiq komitələr növbə ilə öz iclaslarını keçirirlər. Komitələr yaz sessiyası üçün iş planını və gündəliyini müzakirə edir. Yeni qanun layihələri, mövcud qanunvericiliyin təkmilləşdirilməsi, dinləmələr və müvafiq tədbirlərin keçirilməsi kimi tədbirlər planlaşdırılır.
Əmək və sosial siyasət komitəsi də bu günlərdə özünün yaz sessiyasının ilk komitə iclasını keçirəcək. Komitə üzvlərinin təklifləri, Milli Məclisin ümumi gündəliyinə uyğun məsələlər müzakirə olunacaq.
Sözsüz ki, gündəliyə salınacaq qanun layihələri günün tələbinə uyğun olaraq sosial sifariş və ehtiyac əsasında hazırlanacaq. Ehtiyac və zərurət olarsa "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər" haqqında mövcud qanun layihəsinə, eləcə də qüvvədə olan digər qanunlara da yenidən baxıla bilər”.