Modern.az

Azərbaycan jurnalistləri 2013-“İlan ili”nə dair ARZULARINI açıqladılar

Azərbaycan jurnalistləri 2013-“İlan ili”nə dair ARZULARINI açıqladılar

Media

27 Dekabr 2012, 10:58

Bayram ərəfəsindəyik və hər kəs bir-birinə təbrik mesajları göndərir, xoş arzuları diləyirlər. Bunlardan ən əsası isə insanın özü-özünə arzuladıqlarıdır. Bəs bizim mətbuat nümayəndələri 2013-cü il üçün özlərinə nə arzu edirlər, gözləntiləri nədir? Həmkarlarımız yeni ildən nələr gözlədiklərini Modern.az-la bölüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev 2013-cü ildə özünə stressiz günlər arzulayır. “Stressiz günlərin az olmasını və can sağlığı arzu edirəm. Bu ikisi olsa, qalanı düzələr”, – deyə əməkdar jurnalist bildirib.

APA-nın baş direktor müavini Cavid Cabbaroğlu qarşıdan gələn 2013-cü ilin xalqımız və dövlətimiz üçün uğurlu olmasını arzulayıb.
“İlk növbədə Vətənimizdə sülh, əmin-amanlıq, firavanlıq və bolluq-bərəkət olmasını istərdim. Hər bir vətəndaşımızın, o cümlədən jurnalist həmkarlarımızın gələn il üçün şəxsi planlarının həyata keçməsini diləyirəm. Və təbii ki, bütün dualarımızın başında Qarabağ problemimiz gəlir. Hər ötən il bizi Qarabağdan o qədər uzaqlaşdırır. 2013-cü ilin də bu illər sırasına qatılmasını istəməzdim. Bir də gələn il keçiriləcək prezident seçkilərinin Azərbaycanda demokratik cəmiyyət quruculuğu tarixində müsbət məqamlarla yadda qalmasını arzulayıram. Millətimiz və dövlətimiz üçün xeyirli il olsun!”.

Müstəqil jurnalist Elnur Eltürk 2013-cü ildən nələr gözlədiklərini dilə gətirib. “Ölkəmizin daha da inkişaf etməsini, Dünya Azərbaycanlılarının dövlətimiz ətrafında daha da sıx birləşməsini, xüsusilə yaralı yerimiz olan Qarabağ münaqişəsinin həll olunmasını arzulayıram. İtirilmiş torpaqlarımızın ildən-ilə düşmən tapdağı altında qalması məni ən üzən və sıxan məsələdir”. 
E. Eltürk bildirib ki, ölkədə olan iri və xırda problemlərin həll olunması ilə bağlı gözləntiləri çoxdur: “İqtisadi-sosial islahatların aparılması insanlarımızın rifahına böyük təsir göstərə bilər. Axı nəzərə almaq lazımdır ki, 2013-cü il Azərbaycan üçün seçki ilidir. Bizi qarşıda çətin və məsuliyyətli siyasi-ictimai proseslər gözləyir. İnanıram ki, xalqımız bundan üzü ağ çıxacaq”.
Jurnalist özünə isə can sağlığı və xoşbəxtlik arzu edib.  

ATV telekanalının redaktoru, şairə Sevinc Çılğın evdən başqa heç nə istəmədiyini bildirib. “Vallah evdən başqa heç nə istəmirəm. 4 otaqlı evim olsun, bəsimdir”.

“Azadlıq” qəzetinin reportyoru Ramin Deko da arzularını bizimlə bölüşüb: “2013-cü ildə özümə partlayış baş verəcək mövzular, ayağıma qüvvət, ürəyimə təpər arzulayıram. Bundan başqa heç bir arzum yoxdur”.

“Qafqazinfo”nun əməkdaşı Gunel Əbilova qeyd edib ki, hazırkı “Əjdaha ili” həm onun, həm dostları üçün çox uğurlu olub. O, “özüm “Əjdaha ili”ndən olduğum üçün niyəsə bu il həyatımda xüsusi iz qoydu, 2012-də çox gözəl anlar yaşadım, yeni iş yeri və həyatımda bir sıra yeniliklər oldu. Ona görə “Əjdaha ili”ni gülə-gülə yola salıb, “Qara ilan”ı da elə gülə-gülə gözləyirəm. Təbii ki, planlarım var, ümid edirəm 2013-də onları həyata keçirəcəyəm. İnşallah öncə 2013-də magistr təhsilimi başa vurub, bütün diqqətimi tam işə yönəltmək istəyirəm və “Qara ilan”la da “Qafqazinfo”da vidalaşmaq istəyirəm. İli gülə-gülə qarşılayın ki, il də üzünüzə gülsün” – deyə həmkarımız öz arzularını deyib.

“TRT Avaz” telekanalının aparıcısı Arzu Əsgərova 2013-cü ildən yeni layihələr gözlədiyini dilə gətirib. “2013-cü ildə yeni layihə gözləyirəm. İnşallah təzə layihəmi təqdim edəcəyəm “TRT Avaz”a. Məqsədim incəsənətimizi, mədəniyyətimizi təbliğ etməkdir. Sonra bol uğura ümid edirəm. O qədər planlarım var ki, Rəbbimdən can sağlığı, bol ruzi istəyirəm. Bir də yaxınlarımla,  əzizlərimlə bərabər sadə, sakit həyat diləyirəm”. 

“Aznews.az” saytının əməkdaşı Bahar Rüstəmli 2013-cü ildən istədiklərini bizimlə paylaşıb: “İlk növbədə Allahdan can sağlığı. Çünki bu olmadan nəsə arzulamağa belə, dəyməz. İkincisi isə gözləyirəm deyil, ümid edirəm desək, daha düzgün olar. Biz mətbuat işçiləri belə illəri həmişə bəh-bəhlə qarşılayıb, məyus halda yola salırıq. Hətta bəzən Yeni il süfrəsi açmağa belə, maddi imkanımız yol vermir. Amma ümid edirik ki, 2013-cü ildə heç olmasa dövlətin bizə tikdiyi evdən bəhrələnə biləcəyik. Arzuladığım isə bir şey var. İstərdim ki, qarşıdan gələn Yeni ildə nəqliyyat naziri Ziya Məmmədovun yenilikləri reallaşsın. Bəlkə o vaxt biz də rahatca işə gəlib-gedə bilərik. Diqqət mərkəzimdə isə prezident seçkiləridir. Bu seçkidə isə qələbə... yalnız qələbə“.
B. Rüstəmli 2013-cü il üçün təklif də edib: “Ümid edirik ki, bu il jurnalistlər nəqliyyatdan pulsuz istifadə haqqı qazanacaqlar”.

“Bizim yol” qəzetinin əməkdaşı Sevinc Vaqifqızı qeyd edib ki, 2013-cü il onun ilidir. ““İlan ili”ndə doğulmuşam. Özüm üçün təzə iş yeri arzulayıram. Bir də çox uzağa getmək istəyirəm. Rahatlıq, dinclik tapacağım uzaqlığa...”.

“Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov 2013-cü ildə özünə və ətrafındakı insanlara hər şeydən öncə can sağlığı və uzun ömür arzulayıb. “Gənc ailə başçısı, valideyn olaraq ailə qayğılarımın öhdəsindən layiqincə gəlmək arzulayıram. İşimdə daha da məsuliyyətli olmaq, üzərimə düşən öhdəlikləri kimsəyə möhtac olmadan ləyaqətlə yerinə yetirməyi arzu edirəm”, –deyə R.İsmayılov bildirib.

Publika.az saytının əməkdaşı Günay Arda isə öz arzularını belə ifadə edib: “Sağlamlıq, yaxşı pul. Bir də bir-birinə hörmət edən, başqalarının haqqına hörmət edən cəmiyyət arzu edirəm”.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli 2013-cü ildən xoşbəxtlik istədiyini bildirib. “Xoşbəxtlik, bərəkət arzu edirəm. Qarabağın azadlığını, ölkəmizin daha da çiçəklənməsini istəyirəm”. 

Bizdə həmkarlarımıza xoşbəxtlik və can sağlığı, ən əsası isə qələmimizə qüvvət arzu edirik.

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi