“Bu il 589 nəfərin uşaq evinə düşməsinin qarşısı alınıb”. Modern.az-ın xəbərinə görə, Bu sözləri Təhsil Nazirliyi De-institulizasiya idarəsinin şöbə müdiri Şərafət Şirinli deyib. O qeyd edib ki, bunlardan 503 nəfəri alternativ xidmət mərkəzində olub, 27 nəfər Təhsil Nazirliyində psixoloji dəstək alıblar və uşaqlarını uşaq evinə verməyiblər.
“26 nəfəri Sosial Müdafiə Fondundan sosial müavinət alıb. 23 nəfəri isə digər dəstək formaları ilə uşaqlarını verməkdən imtina ediblər. Bundan başqa, 2012-ci ildə 10 uşaq, 2010-2012-ci ildə isə 34 nəfər uşaq evinə verilib”.
Ş.Şirinli bildirib ki, 123 uşaq şəhər və rayon İcra hakimiyyətlərinin müvafiq sərəncamları ilə öz bioloji ailələrinə və ya qohumlarına qaytarılıb. O vurğulayıb ki, uşaq evlərində olan azyaşlılar 18 yaşları tamam olduqdan sonra qala biləcəkləri 120 nəfərlik birotaqlı mənzillər tikiləcək.
“Bununla bağlı təklif verilib. Ancaq bunun nə vaxt hazır olacağı bilinmir. Eyni zamanda uşaq evlərində olanların pulsuz ali təhsil alması məsələsi də böyük problem olaraq qalır. Bununla bağlı təklif hazırlamışıq və təklif Nazirlər Kabinetinə təqdim olunub”.
Sevinc İltifatqızı