Modern.az

Kimdir Hacı Zeynalabdin Tağıyev?

Kimdir Hacı Zeynalabdin Tağıyev?

19 Yanvar 2022, 19:47

Bu gün Vətənimizdə növbəti bir tarixi ədalət bərpa edilib: böyük bir şəxsiyyətin - görkəmli Azərbaycan mesenatı və maarifçisi, tanınmış filantrop-xeyriyyəçi, neçə-neçə məşhur Azərbaycan ziyalısının yetişməsində əvəzsiz rolu olan Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı olmuşdur. Abidə bakılıların ən çox sevdikləri yerdə, tarixi qala divarının qarşısında yerləşdirilmişdir. Belə böyük şəxsiyyətin abidəsi də təbii ki, özünə layiq olan yerdə ucaldılmalıdır. Sanki bununla Tağıyevə arzusunda olduğu Azərbaycanın, nəhayət ki, formalaşdığını, Bakının inkişaf etdiyini, abadlaşdığını, Azərbaycanın müasir dünya ölkəsinə çevrildiyini nümayiş etdirir, hesabat veririk. Buradan o, görmək istədiyi Bakıya baxır. Abidəsinin məhz burada qoyulmasının rəmzi mənası budur. Çünki bu böyük İNSAN şərəfli ömrünün ən azı yetmiş ilini yorulmadan Vətənin yüksəlişinə, millət və insanlığın tərəqqisinə, xalqın maarifləndirilməsinə, milli ziyalıların yetişdirilməsinə həsr etmişdi.

 

Kimdir Hacı Zeynalabdin Tağıyev? Mesenatlıq-xeyriyyəçilik məktəbinin əsasını qoymuş, böyük maarifçi kimi maarif və mədəniyyətin inkişafı və tərəqqisi naminə misilsiz xidmətlər göstərmiş, Azərbaycan mədəniyyəti tarixinə özünün şərəfli adını əbədi olaraq həkk edilməsinə nail olmuş dahi şəxsiyyət.

 

Əslində bu gün elə bir Azərbaycan vətəndaşı tapmaq olmaz ki, bu adamın tarixə adını yazdığı heç olmazsa, bir faydalı işindən, xəbərdar olmasın. Yetmiş illik sovet sistemi bu insanın adını minnətdar insanların qəlbindən silə bilməmişdir, çünki o elə bir həyat yaşamışdır ki, Vətən mühitinə elə bir maarifçilik toxumu səpmişdir ki, onun kökünü kəsmək mümkün deyildi. Öz milli köklərinə möhkəm bağlı olan Tağıyev ilk dəfə Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş, dinimizə dəyər vermək, xalqı əsl İslam nümayəndəsi kimi görmək üçün öz təşəbbüsü və maliyyə vəsaiti hesabına bir çox dini abidələr inşa etdirmişdir. Savadsız olmasına baxmayaraq, bir fövqəl-şüurla elmin, maarifin faydasını duyan, eyni zamanda, böyük qəlbə malik olan bu böyük insan oxumağa, maariflənməyə həvəs göstərən yüzlərlə azərbaycanlı gəncin təhsil alması üçün onların Avropa və Rusiyanın təhsil ocaqlarında oxumasını öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2019-cu il martın 1-də ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı Hacı Zeynalabdin Tağıyevin böyük insan, böyük xeyriyyəçi, Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyət olduğunu demiş və hətta Hacının xeyriyyəçilik əməllərindən onun ailəsinə də pay düşdüyünü məmnunluqla xatırlatmışdı. Tağıyevin təhsil xərclərini öz üzərinə götürdüyü görkəmli Azərbaycan şəxsiyyətləri arasında cənab Prezidentin babası Əziz Əliyev də olmuşdur. Tağıyev kimi, yoxsul bir ailədən olan bu gənc oxumaq istəyini Tağıyevə bildirmiş və Hacı da bir gəncin təhsilə olan belə marağını, təbii ki, dəstəkləmiş, onun Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxuması üçün vəsait ayırmışdı. Tağıyev maarifçilik işində heç vaxt yanılmamışdı, böyük uzaqgörənliklə etimad göstərdiyi Əziz Əliyev sonralar əldə etdiyi bilikləri Vətəninin rifahına yönəltmişdir. Hətta Dağıstanda rəhbər vəzifədə çalışarkən dağıstanlıları sürgündən xilas etməyə nail olmuşdur. Hal-hazırda Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin xatirəsini əbədiləşdirmək üçün ucaldılmış abidə bu xidmətlərin bariz nümunəsidir.

 

Sevindirici haldır və təbiidir ki, bu gün müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Cənubi Qafqazda ən böyük qurum olan Heydər Əliyev Fondu bu ənənənin layiqli davamçısıdır. Fəaliyyət göstərdiyi 20 ilə yaxın bir dövrdə Heydər Əliyev Fondu insanlara kömək göstərməyi, Azərbaycan mədəniyyətini dünyada təbliğ etməyi, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinin genişləndirilməsini qarşısına qoyduğu bir amal kimi həyata keçirməkdədir. 

 

Qədirbilən Azərbaycan xalqı Vətən uğrunda, insanlıq, tarix qarşısında, millət qarşısında xidmətləri olan heç bir kəsi unutmur, onların xatirəsini həmişə qəlbində yaşadır. 

Bu gün açılışı baş tutmuş abidə də həmin ənənənin nümunəsidir.

 

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?