Moskvada səfərdə olan İran prezidenti İbrahim Rəisi bu gün Rusiya Federasiyasının Dövlət Dumasında deputatlar qarşısında çıxış edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İran prezidenti Dövlət Dumasında iştirak etməkdən məmnunluğunu bildirib.
“Xoşbəxtlikdən iki ölkənin parlamentləri arasında yaxşı əlaqələr var”, - deyən Rəisi İran-Risiya münasibətlərinin inkişafında qanunverici orqanların roluna böyük əhəmiyyət verdiyini bildirib.
İran prezidenti deyib:
“Biz hesab edirik ki, Tehran və Moskva arasındakı münasibətlər elə qurulmalıdır ki, üçüncü tərəflərin müdaxiləsindən uzaq olsun və xalqlar üçün qarşılıqlı fayda təmin etsin”.
O, İran və Rusiya arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə əməkdaşlığın parlaq gələcəyinin şahidi olduğunu vurğulayıb.
Rəisinin sözlərinə görə, ikitərəfli və çoxtərəfli formada İran-Rusiya əlaqələrinin gücləndirilməsi iki xalqın iqtisadiyyatını yüksəldəcək, regional və beynəlxalq təhlükəsizliyi gücləndirəcək.
O, həmçinin qeyd edib ki, iki ölkənin zəngin iqtisadi və ticarət imkanları, hər iki tərəfin öz coğrafi ərazilərindəki gücü və təsiri ilə yanaşı, regionlarda yaxınlaşmanı gücləndirə bilər.
“İran İslam Respublikası bütün dünya ölkələri, xüsusən də müttəfiqləri və qonşu dövlətlərlə maksimum qarşılıqlı əlaqədə olmağa çalışır”, - Rəisi əlavə edib.
O deyib ki, xalqların qarşılıqlı maraqları və “sivil qlobal birliyin” formalaşması bu əməkdaşlıq və qarşılıqlı fəaliyyətin məqsədi və əsasıdır.
Rəisi deyib ki, Suriyada İran-Rusiya əməkdaşlığının uğurlu modeli ölkələrin müstəqilliyinə zəmanət verib və regional təhlükəsizliyi gücləndirib.
O, Rusiyanın terrorla mübarizə sammitinin keçirilməsi təşəbbüsünə toxunaraq bildirib:
“Tehran Moskvanın İran, Rusiya, Türkiyə, Pakistan və Çin parlamentarilərinin iştirakı ilə terrorla mübarizə sammiti keçirmək təşəbbüsünü alqışlayır”.
O, həmçinin ümidvar olduğunu bildirib ki, Tehran-Moskva əməkdaşlığı münasibətlərin inkişafına, regionda sülh və sabitliyin bərqərar olmasına gətirib çıxaracaq.