2021-ci il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.
Maliyyə Nazirliyindən (MN) Modern.az-a verilən məlumata görə, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25427,0 mln. manat proqnoza qarşı 3,8 faiz və ya 968,5 mln. manat artıq icra olunaraq 26395,5 mln. manat təşkil edib. Bu 2020-ci illə müqayisədə 1713,8 mln. manat və ya 6,9 faiz çoxdur.
Qeyri-neft sektoru üzrə daxilolmalar 12859,2 mln. manat məbləğində icra edilib ki, bu da proqnozla nəzərdə tutulduğundan 1208,2 mln. manat və ya 10,4 faiz, 2020-ci illə müqayisədə isə 2179,6 mln. manat və ya 20,4 faiz çoxdur.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 8531,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1281,4 mln. manat və ya 17,7 faiz, 2020-ci illə müqayisədə isə 1144,2 mln. manat və ya 15,5 faiz çoxdur.
Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4343,0 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 443,0 mln. manat və ya 11,4 faiz, 2020-ci illə müqayisədə isə 404,8 mln. manat və ya 10,3 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 12200,0 mln. manat məbləğində transfertə qarşı 11350,0 mln. manat məbləğində transfert daxil olub. Hesabat ilində vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika və xərclər üzrə ilin sonuna gözlənilən icra göstəriciləri Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 850,0 mln. manat və ya 7,0 faiz az istifadə olunmasına imkan verib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 16,2 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 5,2 mln. manat və ya 47,3 faiz, 2020-ci illə müqayisədə isə 5,9 mln. manat və ya 57,3 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 612,9 mln. manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 16,8 mln. manat və ya 2,8 faiz çoxdur.
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 880,0 mln. manat, Azərbaycan Respublikası Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına 250,0 mln. manat və yaxud proqnozla nəzərdə tutulmuş məbləğlərdə vəsait daxil olub.
Dövlət büdcəsinə sair daxilolmalar üzrə 412,0 mln. manat vəsait təmin olunub ki, bu da proqnoza nisbətən 176,0 mln. manat və ya 74,6 faiz çoxdur.
2021-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8523,9 mln. manat icra olunub.
Operativ məlumata əsasən 2021-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 96,0 faiz və ya 27412,5 mln. manat icra olunub ki, bu da 2020-ci illə müqayisədə 996,2 mln. manat və ya 3,8 faiz çoxdur.
Strukturuna görə 2021-ci il dövlət büdcəsi xərclərinin 16588,3 mln. manatı cari xərclərə (2020-ci illə müqayisədə 68,6 mln. manat və ya 0,4 faiz az), 8625,4 mln. manatı əsaslı xərclərə (2020-ci illə müqayisədə 592,2 mln. manat və ya 7,4 faiz çox), 2198,8 mln. manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci illə müqayisədə 472,6 mln. manat və ya 27,4 faiz çox) yönəldilib.
İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 10297,1 mln. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2020-ci illə müqayisədə 642,9 mln. manat və ya 6,7 faiz çoxdur.
2021-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 9700,4 mln. manat icra olunub.