Modern.az

Seçicilər deputatdan müəllim və həkimlərin maaşlarının artırılasını istəyiblər

Seçicilər  deputatdan müəllim və həkimlərin maaşlarının artırılasını istəyiblər

27 Dekabr 2012, 22:40

Milli Məclisin deputatı Elmira Axundova Masallı rayonu ərazisində öz seçiciləri ilə bir sıra görüşlər keçirib, deputat ofisində seçiciləri qəbul edib.

Deputatın ofisindən Modern.az saytına verilən məlumata görə, birinci görüşü Boradig qəsəbəsində saat 11:00-da təşkil olunub. Görüşdə deputatdan əlavə 6 ərazi nümayəndəsi, bələdiyyə sədrləri və 200-ə yaxın vətəndaş iştirak edib. Digər görüş isə saat 15:00-da Lürən kəndi ərazisində keçirilib və burada iki ərazi nümayəndəsi, bələdiyyə sədrləri və 100-ə qədər seçici iştirak edib.

Elmira Axundova hər iki görüş zamanı bildirib ki, o, 2012-ci ilin yekununa dair seçicilərə hesabat vermək, həmçinin yerlərdə əhalidən ictimai problemləri dinləmək, rəy və təklifləri toplamaqla gələcək il üçün iş planı hazırlamaq məqsədilə görüşlər təşkil edir.

Elmira Axundova 2012-ci ildə Milli Məclisdəki fəaliyyəti barədə geniş məlumat verib. O, bildirib ki, 2012-ci il ərzində təqribən 15 böyük görüş, 16 qəbul keçirib, seçicilərdən 200-ə yaxın rəsmi ərizə alıb. Təqribən 25 dəfə Milli Məclisin tribunasından bir sıra sosial, ictimai, iqtisadi və s. problemlərin həlli və qanunvericiliyə təkliflər ilə bağlı çıxışlar edib. Qaldırdığı məsələlər sırasında məktəbəqədər uşaq bağçalarının təmiri və tikintisi, məktəblərin istilik sistemlərinin qurulması, rayonlarda mədəniyyət mərkəzlərinin qurulması, müəllim və tibb işçilərinin əmək haqlarının artırılması, dağınıq skleroz xəstələrinin təqaüdlərinin I qrup göz xəstələri ilə eyni həcmdə hesablanması, sosial işçi məsələsi, sel daşqınlarından evi yararsız vəziyyətə düşən imkansız, kimsəsiz, ahıl vətəndaşlara dövlət dəstəyinin verilməsi və s. kimi məsələlər olub.

Bunlardan əlavə bir illik dövr ərzində rayon ərazisində deputatının müdaxiləsi ilə görülən işlər diqqətə çatdırılıb. Öncəqala tam orta məktəbinin yeni binasının tikintisi, Lürən kəndinə qaz xəttinin çəkilməsi və yeni tibb məntəqəsinin 2013-cü il planına salınması, Dəmirçi tam orta məktəbinin yeni binasının inşası, Bədəlan tam orta məktəbinin əsaslı təmiri, Çayqıraq məktəbinin yeni binasının tikintisinin plana salınması, Kolatan həkim məntəqəsinin əsaslı təmiri, Boradigah İdman Mərkəzinin tikintisi, Tüklə kənd mərkəzi yolunda yeni körpünün inşası buna bariz misallardır.

Daha sonra Elmira Axundova ölkə rəhbərliyinin gördüyü respublika və dünya əhəmiyyətli işlər barədə məlumat verib.

Seçicilər tərəfindən ən çox səsləndirilən fikir müəllim və tibb işçilərinin əmək haqlarının artırılması, onlara dövlət qulluqçusu statusunun verilməsi, gənclərimizin işsizlik məsələsi, işlə təmin olunmaqda böyük çətinliklə üzləşmələri, məktəblərin istilik sisteminin hələ də həll edilməmiş qalması, kənd yerlərində feldşer mama məntəqələrinin və kəndlərin  mərkəzi yollarının bərbad vəziyyətlə bağlı olub.

Dekabrın 27-də deputat Bədəlan kəndi ərazisindəki ofisində seçicilərini qəbul edib, problemlərini dinləyib. Ofisdə 50-yə yaxın seçici deputat tərəfindən qəbul edilib. Qəbulda qeyd edilən məsələlər sırasında alimentin cavabdeh şəxs tərəfindən vaxtlı vaxtında ödənməməsi, maddi yardım edilməsi, müayinə və müalicə üçün köməklik edilməsi, iş məsələsi, pensiya, əlillik dərəcəsi və ünvanlı sosial yardım, əfv məsələləri və s. kimi problemlər olub. Seçicilərin bəzi problemləri icra nümayəndəsinin iştirakı ilə yerindəcə araşdırılaraq həll edilib, digər məsələlərin isə aidiyyəti üzrə ünvana göndərilərək həll edilməsi istənilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək