Modern.az

Azad İstehlakçılar Birliyi: “Azpetrol”da istehlakçıların hüquqları pozulur”

Azad İstehlakçılar Birliyi: “Azpetrol”da istehlakçıların hüquqları pozulur”

28 Dekabr 2012, 10:15

“2012-ci ildə Azad İstehlakçılar Birliyinin mərkəzi ofisinə 1000-dən yuxarı yazılı şəkildə şikayət daxil olub”. Bu sözləri Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O, qeyd edib ki, bu il ərzində eyni zamanda təxminən 5 minə qədər telefon zəngi daxil olub.
“Azad İstehlakçılar Birliyinin 30 rayon təşkilatına təxminən 1100 müraciət daxil olub. Bütün bu müraciətlər içərisində birinci yerdə kommunal xidmətlərlə bağlı problemlər dayanır. Kommunal problemlər içərisində də ilk sırada qaz problemləri dayanır. Qaz sahəsində istehlakçılardan artıq pul alınması, guya müdaxilə olunmaq barədə böhtanların atılması və s. ikinci yerdə elektrik enerjisi, üçüncü yerdə su ilə bağlı istehlakçıların aldadılması, hüquqlarının pozulması, artıq pul alınması və s. durur”.

E. Hüseynov qeyd edib ki, daxil olan şikayətlər içərisində ikinci yerə mürəkkəb texniki mallar dayanıb. “Burada da birinci yerdə mobil telefonlar, ikinci yerdə kompüterlər və kompüterlərdə də ən çox şikayət kompüter dükanlar şəbəkəsindəndir. Planleştlərdən də birliyə kifayət qədər şikayət daxil olub”.

Birlik sədrinin sözlərinə görə, üçüncü yerdə ərzaq mallarının keyfiyyətsizliyi barədə şikayətlər dayanır. “Burada birinci yerdə spirtli içkilər, süd və süd məhsulları və yağlar dayanır. Bundan xidmətlərlə bağlı, xüsusilə əhalini aldadan və xarici ölkələrə guya turist səfəri təşkil edən, əsasən də “Riverd Sayd” deyilən şirkətdən şikayətlər daxil olur”.

Azad İstehlakçılar Birliyinin bu il ərzində müəyyən sahələrdə uğurlar da əldə edib. Belə ki, birlik nağdsız ödənişlərlə bağlı ölkədə siyasətin formalaşmasına kömək edib. “Prezidentin sərəncamı ilə nağdsız ödənişlərə dair göstərişlər verilib. Azad İstehlakçılar Birliyi, Vergilər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi bu sahədə əməkdaşlıq çərçivəsində işləyir. Lakin nağdsız ödənişlər tətbiq olunsa da istehlakçıların hüquqlarının pozulması kimi faktlar yenə də qalır. Burada da ən çox problem “Azpetrol” yanacaqdoldurma məntəqələrində nağd ödənişlə nağdsız ödəniş arasında istehlakçıların hüquqları pozulur”.

Eyyub Hüseynov vurğulayıb ki, Azad İstehlakçılar Birliyi ilin sonunda ərzaq məhsullarının qablaşdırıldığı streç plyonkalarla bağlı ciddi araşdırmalar aparıb. “Məlum olub ki, bu plyonkalar Azərbaycanda uzun müddət təhlükəli “PVS” deyilən variantda istifadə olunub. Onun tərkibində çox ciddi zəhərli kimyəvi maddələr var və bunlar qida sahəsində istifadə olunub və bu gün də istifadə olunur. Bu ilin sonundan kampaniyanı başlayırıq və gələn ildə bu istiqamətdə işlət genişləndiriləcək.

Əlbəttə, bizim diqqətimizdə Genetik Modifikasiya Olunmuş mallarla bağlı məsələlər də durub və təsadüfi deyil ki, ölkə prezidentinə səsimiz çatıb və ölkə prezidentinin sərəncamı ilə Azərbaycana Genetik Modifikasiya Olunmuş məhsulların gətirilməsinə qadağa qoyulub”.

Eyyub Hüseynov bundan sonra da tədqiqatlarının davamlı olacağını qeyd edib.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək