Bu il yanvarın 1-dən etibarən Azərbaycanda minimum əməkhaqları 250 manatdan 300 manata qaldırılıb. Eyni zamanda ölkə başçısının müvafiq sərəncamları ilə bir sıra dövlət qurumlarında çalışan şəxslərin maaşları artırılıb.
Dövlət müəssisələrindən fərqli olaraq, özəl sektorda maaş artımı məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Bir çox şirkətlər gəlirlərinin azaldığını əsas gətirərək, əməkdaşlarının əməkhaqlarını artırmaqdan boyun qaçırmağa çalışırlar. Bu isə işçilər arasında narazlığa səbəb olur.
Bəs, özəl sektorda maaşlara yenidən baxılması üçün hansı işlər görülməlidir?
İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, dövlət qurumlarında maaşların artırılması əmək bazarına müsbət təsir göstərir. Onun fikrincə, günün tələbinə müvafiq olaraq, özəl sahədə də məvaciblərin artırılması vacib amillərdəndir.
"Dövlət minimum əməkhaqqını 250 manatdan 300 manata qaldırmaqla ölkə üzrə, fərqi yoxdur özəl sektor, qeyri-özəl sektor və ya bələdiyyə sektoru, heç bir müəssisənin, şirkətin 300 manatdan aşağı əməkhaqqı verməməyini məcburi edir. Dövlət inzibati tədbirlər həyata keçirir. Minimum əməkhaqqının artırılması şkalalar üzrə təsnifləşdirilir.
Məsələn, bir işçinin maaşı 250 manatdan 300 manata qalxıbsa, digərinin maaşı 300 manatdan 330 manata qalxmalıdır. Bu təsnifləşdirmələr üzrə özəl sektorda da əməkhaqlarının qalxması gözlənilir. Ancaq inzibati olaraq dövlət minimum əməkhaqqına təsir edə bilər. Dövlət maaşları qaldırmaqla əmək bazarında işçilərin dəyərini bir qədər artırmış olur. Bu da əmək bazarında yeni şərtlər formalaşdırır. İnfliyasiya ciddidir. Sahibkarlar da görürlər ki, işçilərinə verdikləri vəsait ötən illə müqayisədə nominal ola bilər, ancaq daha azdır. Əmək bazarında yaranmış yeni şərtlər fonunda sahibkarlar bu prosesi və işçilərin əməkhaqqının qaldırılması ilə bağlı təzyiqini görüb müsbət şəkildə cavab verəcək. Özəl sektor öz xoşluğu ilə əməkhaqlarını qaldırmalıdır".