Prezident İlham Əliyevin dekabrın 26-da imzaladığı əfv sərəncamından sonra bəzi hüquq müdafiəçiləri AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasserin siyahısında olan 14 nəfər siyasi məhbusun azadlığıa buraxıldığını bəyan etdilər.
Modern.az-ın xəbərinə görə, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov isə bu iddiaları təkzib edərək, məsələyə bu cür yanaşmanı yanlış adlandırıb. S.Seyidov deyib ki, Kristofer Ştrasserin siyahısında yer alan 14 siyasi məhbusun da əfvə düşməsi barədə mətbuatda yazılanlar onu təəccübləndirib.
“Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana Cozef Debone Qrexi və Pedro Aqramuntu məruzəçi təyin edib, məruzə hazırlanıb. Biz bu məruzə əsasında konstruktiv əmədaşlıq edirik. Bu məruzədə də məhbusların adı var. Ancaq nədənsə mətbuat bu məsələyə yox, Kristofer Ştrasserin məruzəsinə diqqət yönəldib. Ola bilər ki, eyni şəxslərin adı Kristofer Ştrasserin də siyahısında yer alsın. Ancaq Azərbaycan Kristofer Ştrasserlə əməkdaşlıq etmir"
S.Seyidov onu da qeyd edib ki, AŞPA-nın qış sessiyasında Ermənistan Dağlıq Qarabağ məsələsini gündəliyə salmağa cəhd edə bilər. Onun sözlərinə görə, qış sessiyasında Avropa Şurasının həmməruzəçilərinin Azərbaycanla bağlı məruzəsi müzakirəyə çıxarılacaq.
Modern.az