Modern.az

İstanbul prokuroru: “Meyitə baxış keçirdik, onun Sevinc Babayeva olduğu müəyyənləşdi”

İstanbul prokuroru: “Meyitə baxış keçirdik, onun Sevinc Babayeva olduğu müəyyənləşdi”

28 Dekabr 2012, 14:07

Sevinc Babayevanın oğlu da İstanbuldadır və meyitə baxışda iştirak edib

“Biz indi dünyasını dəyişmiş azərbaycanlı qadının üzərində ilkin müayinə və baxış keçirdik. Bu prosesdə Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və mərhumun qohumlarından biri də iştirak etdi”. Bunu APA-nın hazırda “Medicana İnternational” xəstəxanasında olan Türkiyə müxbirinə İstanbulun Böyük Çəkməcə rayonunun prokuroru Fuad Arı deyib.

O bildirib ki, ilkin baxış zamanı ölən qadının Azərbaycan vətəndaşı Sevinc Babayeva olduğu müəyyənləşib. Lakin xəstəxanaya müraciət edən zaman onun üstündə hər hansı sənəd olmayıb.

Prokuror bildirib ki, hələlik xəstənin ölüm səbəbi bəlli deyil: “Həkimlərin verdiyi məlumata görə, o, uzun müddət ürək xəstəsi olub, ürək ağrılarından və spazmlardan əziyyət çəkib. Lakin onun məhz bu xəstəlikdən öldüyünü demək hələlik tezdir”.

F. Arı qeyd edib ki, S. Babayevanın cənazəsi sabah İstanbulda ədliyyə tibb ekspertizasında müayinə olunacaq: “Yalnız bundan sonra prokurorluq onun ölümünün dəqiq səbəbini açıqlayacaq”.

Prokuror S.Babayevanın Türkiyədə harada qaldığı, bu ölkəyə necə daxil olduğu barədə sualların da araşdırılacağını qeyd edib. 

Xəstəxanadan APA-nın Türkiyə müxbirinə bildirilib ki, S. Babayeva dünən təcili olaraq, ürək tutması ilə xəstəxanaya müraciət edib: “O deyib ki, əvvəlcə başqa xəstəxanaya müraciət edib, amma orada onu qəbul etməyiblər. Təcili olaraq bura gəldi və bir az sonra da ürək tutmasından dünyasını dəyişdi”.  

APA-nın müxbirinin məlumatına  görə, hazırda S. Babayevanın oğlu  Ayxan Məmmədov da xəstəxanadadır. Mərhumun meyitinə baxış keçirilməsi prosesində iştirak edən qohumu da məhz o olub.  

Qeyd edək ki, hazırda Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov və konsulluğun digər əməkdaşları da xəstəxanadadır. 

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək