Modern.az

“Qaynayan” qitə: Qiyamların adi hala çevirildiyi ÖLKƏLƏR 

“Qaynayan” qitə: Qiyamların adi hala çevirildiyi ÖLKƏLƏR 

Dünya

25 Yanvar 2022, 11:05

Dünən daha bir Afrika ölkəsində qiyam qaldırıldı. Belə ki, Burkina Fasoda hakimiyyətə qarşı hərbçilərin qiyamı nəticəsində ölkə prezidenti Roş Mark Kabor vəzifəsindən istefa verməyə məcbur qaldı. Onun ailəsi isə gizli yollarla Burkina Fasodan qaçdı. Hazırda bu ölkədə siyasi xaos hökm sürür, hakimiyyətə kimlərin rəhbər gətiriləcəyi də müəmma olarq qalır.

 

Tarixə nəzər saldıqda görünür ki, Afrikada bir çox ölkə müstəmləkəçilikdən xilas olub müstəqilliyini elan etdikdən sonra hərbi çevrilişlərə şahidlik edib. Son dövrlərdə qitədə yerləşən ölkələrdə hərbi çevrilişlər əvvəlki dövrdən daha tez-tez müşahidə olunur.

 

Afrikanın qiyam tarixi...

 

Burkina Faso ilə yanaşı ötən il Sudanda iki oxşar hadisə baş verib. Sentyabr ayında hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnib. Bir müddət sonra planlaşdırılan çevrilişdə general Əbdülfəttah əl-Burhan keçid hökumətini ləğv edib və idarəçiliyi tamamilə ələ keçirib.

 

Digər hadisə Qvineyada qeydə alınıb. Bu ölkənin prezidenti Konde keçən ilin sentyabr ayında hərbçilər tərəfindən postundan devrilib.  Malidə isə ordu 1 ildə iki dəfə qiyam qaldırıb. Sonuncu belə hadisə ötən ilin mayında yaşanıb.

 

Hərbi qiyamların növbəti dalğası Nigerdə müşahidə olunub. Belə ki, mart ayında Nigerdə prezidentin andiçmə mərasiminə bir neçə gün qalmış dövlət çevrilişi cəhdinin qarşısı alınıb.

 

Bütün bu hadisələr fonunda sual oluna bilər: Afrikaya hərbi müdaxilələr niyə artır? Qiyamların arxasında hansı səbəblər dayanır?

 

Əvvəlcə, bildirək ki, çevriliş hərbi və ya digər mülki şəxslərin hökumətə rəhbərlik edən liderlərin hakimiyyətinə son qoymaq üçün həyata keçirdiyi qeyri-qanuni və açıq müdaxilədir.

 

Araşdırmalara əsasən, 1950-ci illərin sonundan etibarən Afrikada 200-dən çox çevriliş cəhdi qeydə alınıb. Bu cəhdlərin təxminən yarısı uğurlu olub. Uğurlu dedikdə, hakimiyyətə qələn qüvvələrin yeddi gündən artıq rəhbərlikdə qalması nəzərdə tutulur.

 

Qərbi Afrikada çevriliş cəhdlərinin ən çox həyata keçirildiyi ölkə Burkina Fasodur. Dünənədək ordu ölkədə yeddi dəfə hakimiyyəti ələ keçirib, yalnız bir dəfə çevriliş cəhdi uğursuz olub.

 

Afrikanın daha bir ölkəsi – Zimbabve də qiyam burulğanından yan keçə bilməyib. 2017-ci ildə Zimbabveyə hərbi müdaxilə ilə Robert Muqabenin 37 illik hakimiyyətinə son qoyulub. Çevrilişə rəhbərlik edənlərdən biri general-mayor Sibusiso Moyo televiziyaya çıxaraq hərbi müdaxilə olmadığını bildirib. Lakin ekspertlər deyir ki, hərbçilər qanuni görünmək üçün etdiklərinin çevriliş olduğunu danırlar.

 

Bu məqamda xatırladaq ki, 1960-2000-ci illər aralığında Afrika qitəsində orta hesabla dörd ildən bir dövlət çevrilişi baş verib. Afrika ölkələrində müstəqillikdən sonrakı qeyri-sabitliyi nəzərə alsaq, bu, təəccüblü deyil.

 

Məlumata görə, qitədə 2000-2019-cu illərdə orta hesabla iki ildən bir dövlət çevrilişi olur. 2020-ci ildə cəmi bir çevriliş qeydə alınıb. 2021-ci ildə isə 6 hərbi çevriliş və və bir çevriliş cəhdi yaşanıb.

 

Qeyd edək ki, Burkina Faso ilə yanaşı, Sudan, Çad, Mali, Qvineyada çevriliş, Niger və Sudanda isə hakimiyyətə hərbi müdaxilə cəhdləri olub.

 

Sudan Afrikada ən çox dövlət çevrilişi və çevriliş cəhdi olan ölkədir. Burada 17 çevriliş cəhdindən beşi baş tutub.

 

Ümumiyyətlə, Afrika ən çox çevrilişlərin baş verdiyi qitədir. 2017-ci ildən bu yana dünyada yaşanan 12 çevrilişdən, Myanmada baş vermiş çevriliş istisna olmaqla, hamısı Afrikada həyata keçirilib.

 

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş Afrikadakı qiyamlarla bağlı danışaraq, “hərbi çevrilişlərin geri qayıtması” haqda xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti hərbi müdaxilələrə qarşı birlik olmamaqda günahlandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal