Uzun müddətdir media nümayəndələri üçün tikilən binadan mənzillərin jurnalistlərə hansı meyarlarla veriləcəyi məsələsi gündəmdə idi. Bunun üçün müxtəlif təkliflərin səslənməsinə baxmayaraq, mənzillərin hansı meyarlarla paylanacağı bəlli deyildi.
Dekabrın 28-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun təşkil etdiyi tədbirdə Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Bakının Bibiheybət qəsəbəsində inşa edilən 16 mərtəbəli yaşayış binasındakı mənzillər daha çox ehtiyacı olanlara jurnalistlərə və jurnalistikada daha çox xidmət edənlərə veriləcək” deməsi geniş əks-səda doğurub.
Modern.az məsələyə baş redaktorlardan münasibət öyrənməyə çalışıb.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu barədə heç bir fikrinin olmadığını bildirib. “Hələ bina tam hazır deyil. Ona görə də heç nə deyə bilmərəm”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edilən fikirlərlə tamamilə razıdır. “Tamamilə doğru və içində ədalət hissi olan hər kəsin dəstəkləyəcəyi bir yanaşmadır. Belə olacağına da əminəm. Xidmət və ehtiyac əsas meyarlardır”.
“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli deyir ki, hələ KİVDF mənzillərin hansı meyarlarla paylanacağını 2013-cü ildə açıqlayacağını və sənəd yığacağını bildirmişdi.
“Əli Həsənovun qeyd etdiyi bu iki meyarı ədalətli hesab edirəm. Təbii ki, Fondun da başqa meyarları olacaq, bu ancaq dəqiqləşəndən sonra bilinəcək. Hesab edirəm ki, ən çox ehtiyacı olanlara verilməsi düzgündür. Amma evə iki nəfər ehtiyacı olan jurnalist varsa və bunlardan biri təzə gəlib, digəri çoxdan işləyirsə, təbii ki, ən çox stajı olana verilməlidir. Bu doğru qərar olardı”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bu meyarları yaxşı qiymətləndirir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu də qeyd edilənləri ədalətli meyar hesab edir. “Doğurdan da hər kəsi qane edəcək və doğru, ədalətli yanaşmadır”.
Aytən Əliyeva