Xorvatiya Prezidenti Zoran Milanoviç Rusiya-Ukrayna gərginliyi ilə bağlı tənqidlərə səbəb olan açıqlamalar verib.
Modern.az xəbər verir ki, o, Ukraynanın “dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri” olduğunu və NATO-da yeri olmadığını bildirib. Milanoviç qeyd edib ki, Xorvatiya Moskva ilə Kiyev arasındakı münaqişədə iştirak etməməlidir.
Prezident, həmçinin bildirib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin gərginləşəcəyi təqdirdə Xorvatiya öz ordusunu NATO-nun regiondakı kontingentindən çıxaracaq. O, Xorvatiyanın ölkələr arasında baş verənlərlə heç bir əlaqəsi olmadığını qeyd edərək, vəziyyəti Amerika administrasiyasının hərəkətləri ilə əlaqələndirib.
Rəsmi Kiyev Xorvatiya prezidentinin Ukrayna əleyhinə bəyanatlarına görə üzr istəməsini tələb edib.
“Ukrayna Xorvatiya Prezidenti Zoran Milanoviçdən Ukraynanın NATO-ya üzvlüyü və Rusiya Federasiyası ilə sərhəddə yaranmış gərgin vəziyyətdə Ukraynaya yardımın məqsədəuyğun olmaması ilə bağlı bəyanatın açıq şəkildə təkzib edilməsini tələb edir. Xorvatiyanın Ukraynadakı səfiri Anica Camiç Xarici İşlər Nazirliyinə dəvət edilib və Xorvatiya Prezidenti Zoran Milanoviçin Ukrayna dövlətinə ünvanladığı bugünkü bəyanatlarının qətiyyən qəbuledilməzliyi ilə bağlı mövqe onun diqqətinə çatdırılıb”, - deyə Ukraynanın Xarici İşlər Nazirliyindən bildirilib.
Ukraynanın nəşhur “Myrotvoreç” saytı Milanoviçi “anti-Ukrayna təbliğatçısı” və “rus işğalçılarının şəriki” adlandırıb. Veb-saytı 2014-cü ildə yaradılıb. Burada Ukraynanın milli təhlükəsizliyinə təhlükə yaradan insanların açıq məlumat bazası yerləşdirilir.
Sayt qeyd edir ki, Milanoviç “Kreml propoqrandasının” yayılmasında, “Kremlin xüsusi informasiya əməliyyatlarında”, “Ukraynaya qarşı humanitar təcavüz aktlarında” iştirak edib, həmçinin “Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyib”.
Akif İsmayılov