“Azpetrol” şirkəti Azad İstehlakçılar Birliyinin (AİB) ittihamlarına cavab verdi. “Azpetrol Ltd”-nin mətbuat xidmətinin rəhbəri Camal Zeynalov Modern.az-a bildirib ki, AİB-nin “Azpetrol”a qarşı irəli sürdüyü ittihamlar əsassızdır. Onun sözlərinə görə, şirkətə məxsus yanacaqdoldurma məntəqələrinin heç birində nağdsız ödənişlərlə bağlı istehlakçıların heç biri aldadıla bilməz:
“Yanacaqdoldurma məntəqələrinin hamısında yeni vergi aparatları quraşdırılıb. Hər bir istehlakçıya da çek vurulub verilir. Amma nədənsə əksər istehlakçı çeki götürmək istəmir. Hətta bununla bağlı ötən ildən məntəqələrin hər birinin operatorlarına tapşırıq verilib ki, müştərilər vurulan çeki götürməsələr belə, çekləri hətta maşının içinə atın. Odur ki, “Azpetrol”a məxsus yanacaqdoldurma məntəqələrində belə hallara yol verilməsi mümkünsüzdür. Şirkətin yanacaqdoldurma məntəqələrində nağdsız ödənişlərdə heç bir problem yaşanmır və heç bir istehlakçının hüququq pozulmur. Odur ki, gətirilən iddiaların hamısı əsassızdır”.
Qeyd edək ki, ötən gün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Azpetrol Ltd”-nin yanacaqdoldurma məntəqələrində istehlakçıların aldadıldığını və nağd ödənişlə nağdsız ödəniş arasında istehlakçıların hüquqlarının pozulduğunu bildirmişdi.
Gültəkin Ələsgər