Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçiriləcək.
Modern.az xəbər verir ki, yanvarın 27-nə nəzərdə tutulan iclasda komitənin 2021-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı təqdim ediləcək.
Həmçinin, komitə iclasında 2022-ci il yaz sessiyası üçün iş planının layihəsinin və “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi nəzərdə tutulub.
İclasda deputatlar "Dini etiqad azadlığı haqqında" qanunun 12-ci maddəsinin II və III hissəsinə təklif olunan dəyişikliyə münasibət bildirəcəklər. Dəyişikliyə əsasən, dini qurumlar (dini icmalar bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir.
Digər bir dəyişikliyə görə, dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.
"Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində isə qeyd olunub ki, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə biləcəklər.
Qanun layihəsində dəyişikliklər komitə iclasında təsdiqləndikdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq.