Modern.az

“Qəhrəman ana” statusu bərpa edilir...

“Qəhrəman ana” statusu bərpa edilir...

29 Dekabr 2012, 16:55

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı sənəd parlamentdədir

“Güman edirik ki, “Qəhrəman ana” statusu növbəti il Milli Məclisdə qəbul olunacaq. “Qəhrəman ana” adı isə 5 uşağı olan analara veriləcək”. Bunu Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdir müavini Elgün Səfərov deyib.

Mövzuya giriş olaraq qeyd edək ki, vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə, digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olub. Ötən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında 5-8, cənub bölgəsində isə 10, 12, hətta 15 uşağı olan analar üstünlük təşkil edirdi. Belə qadınlara “Qəhrəman ana” statusu verilirdi. Ötən əsrin 90-cı illərindən sonra həm belə adın verilməsi ləğv olundu, həm də qadınlar az uşaq doğmağa başladılar.

Sovetlər İttifaqı dövründə dövlət əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, “Qəhrəman ana”lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdılar. O vaxtlar nəinki kənd yerlərində, hətta şəhər yerlərində çoxuşaqlı ailələrə təsadüf olunurdu.

Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeyd alınıb. Bu rayonlardan olan üç “Qəhrəman ana” nın hər biri 17 uşaq dünyaya gətirib. Hazırda isə iki və artıq uşağı olanlar maddi imkansızlıqdan daha çox şikayətlənir və uşaqların tələbatlarını qarşılamaqda çətinlik çəkirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb. Ümumiyyətlə, indi “çoxuşaqlı ailə” anlayışının özünün mənası dəyişib. Əgər 20 il öncə yalnız 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdilərsə, indi 4-5 uşaq dünyaya gətirənlər bu statusun qeyri-rəsmi daşıyıcısıdır. Ötən əsrin 80-ci illərində nəsilvermə qabiliyyətinə malik qadınlar 35, 40, bəzən hətta 50 yaşlarında da dünyaya uşaq gətirirdilərsə, indi 35 yaşı ötən qadınlar bundan imtina edirlər.

Statistika Komitəsinin statistik məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilib. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür. Bütün bunları nəzərə alaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrin sayının artırılması, “Qəhrəman ana” statusunun bərpa olunması üçün layihə işləyərək dövlət idarələrinə və Milli Məclisə təqdim edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdir müavini Elgün Səfərov deyib ki, “Qəhrəman ana” statusunun verilməsi ilə bağlı təkliflər Milli Məclisdədir. Onun sözlərinə görə, layihədə daha çox çoxuşaqlı ailələrin təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Komitə rəsmisi onu da bildirib ki, ailələrin təminatının yaxşılaşdırılmasında əsas məsələ çoxuşaqlı ailələrdə uşaqların təhsilinin, ev şəraitinin yaxşılaşdırılması kimi məsələlər öz əksini tapıb. Onun sözlərinə görə Milli Məclisə göndərilən layihədə çoxuşaqlı ailələrə birdəfəlik müavinətlərin, həmçinin onlara ilbəil müavinətlərin verilməsi nəzərdə tutulur:
“Bundan əlavə, çoxuşaqlı ailələrdə valideynlərin və uşaqların müalicəsi üçün müavinətlərin verilməsi də təklif edilir. Komitənin hazırladığı bir çox layihələr var ki, müvafiq dövlət qurumlarına göndərilib. Azərbaycanda çoxuşaqlı ailələrin təminatının yaxşılaşdırılması ilə bağlı layihə Nazirlər Kabineti vasitəsilə müvafiq dövlət idarələrinə göndərilib. Amma çoxuşaqlı analara “Qəhrəman ana” statusunun verilməsi ilə bağlı layihə ayrıca olaraq Milli Məclisə göndərilib. Layihədə 5 uşağı olan analara “Qəhrəman ana” statusunun verilməsi təklif kimi irəli sürülüb. Bu təkliflərdən hansının qəbul olunub-olunmayacağını demək çətindir”.

Elgün Səfərov onu da bildirib ki, layihənin bu il qəbul olunması mümkün olmasa da, “Qəhrəman ana” statusunun verilməsi ilə bağlı təkliflər və digər layihələr növbəti il Milli Məclisdə qəbul olunacaq.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi