Ermənistanda mümkün hadisələr, konstitusiya dəyişiklikləri və digər proseslər göstərir ki, hakimiyyət sistemində dəyişikliklər etmək istəyən baş nazir Nikol Paşinyan özünü gücləndirməyə çalışır.
Modern.az-ın xəbərinə görə, bu səbəbdən də o, faktiki olaraq hakimiyyətə özünün komandasına loyalçılar gətirməyə çalışır.
Bununla bağlı bir neçə məqamlar var. Xüsusilə, birincisi, seçkilərdən sonra o, Alen Simonyanı parlamentin spikeri postuna namizədliyini irəli sürüb. Qeyd edək ki, hazırda Ermənistan Respublikasının Konstitusiyasına (maddə 144) əsasən, ölkədə yeni prezident seçilənə qədər respublika prezidentinin səlahiyyətlərini Ermənistan Parlamentinin sədri Alen Simonyan həyata keçirir.
Digər sadiq “silah yoldaşlarından biri” Romanos Petrosyanı Dövlət Nəzarəti Xidmətinə göndərib. Bundan əvvəl o, ətraf mühit naziri vəzifəsində olub.
Suren Papikyanı isə müdafiə naziri təyin edib. Bu qərar Ermənistan xalqı tərəfindən də birmənalı qarşılanmamışdı. Çünki Ermənistanın 35 yaşlı yeni müdafiə naziri Suren Papikyan tarix müəllimi olub. Yəni mülki şəxsdir, hərbçi deyil. Paşinyanın komandasının fəallarındandır. Paşinyan onu müdafiə naziri təyin etməklə ordu içərisində etibarlı adamının olmamasını göstərmiş oldu. Azərbaycanla sərhəddəki gərginliyi də Nikol 1986-cı il doğumlu Papikyanla çözməyə çalışacaq. Çünki tarix dərsindən 2 alan ermənilərə ancaq öz "tarixçiləri" real vəziyyəti başa sala bilər. Yeri gəlmişkən, yeni müdafiə nazirin başı toyuna qarışıb. Buna görə də beş günlük məzuniyyətə çıxıb. Ötən gündən başlayaraq intertetdə Suren Papikyanın dəbdəbəli toyu müzakirə obyektinə çevrilib. Qeyd edək ki, nazir Papikyan öz keçmiş mətbuat katibi Armine Muradyanla ailə qurub.
Bu günlərdə isə Paşinyanın hakim partiyasının respublika prezidenti postuna baş nazir aparatının rəhbəri Arayik Arutyunyanın namizədliyini irəli sürəcəyi ilə bağlı məlumatlar yayılıb. Dünən baş nazirin müavini postundan istefa verən Nairi Sarkisyanın Aparat rəhbəri olacağı ilə bağlı məlumatlar var.
Erməni mənbələrinə görə, bundan sonra Sarkisyan səfir təyin oluna bilər. Digər mənbədə isə qeyd olunur ki, Armen Pambuxçyan tezliklə fövqəladə hallar naziri təyin olunacaq. Ermənistanda hakimiyyətin pərdəarxası söhbətlərinə görə, bu yolla Paşinyan əslində komandanı “yenidən işə salır”, xüsusən də tam etibar etdiyi “köhnə qvardiya” nümayəndələrini ön plana çıxarmaq niyyətindədir. Paşinyan hazırkı və gözlənilən çöküşdən asılı olmayaraq, ona sadiq olanlara əmindir.