Bu gün “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, sabiq deputat Alqış Musayevin doğum günüdür. Peşəkar jurnalistin 53 yaşı tamam olur.
Məlumat üçün bildirək ki, Alqış Musayev 1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə qəzetin baş redaktoru olub. Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin edilib.
Modern.az-ın əməkdaşı özəl günündə Alqış Musayevlə əlaqə saxlayaraq, ondan 53-cü yaşı ilə bağlı təəssüratlarını öyrənib.
- Alqış müəllim, doğum gününüzü təbrik edirik. Bu özəl günlə bağlı təəssüratlarınızı eşitmək istərdik. Yeni yaşınızı necə qeyd etməyi planlaşdırırsınız?
- Heç vaxt ad günlərimi qeyd etmirəm. Dostlar, həmkarlar xatırlayır, təbrik edirlər. Adi günlərdən biri kimi keçir günüm. Təmtərağı, dəbdəbəni sevmirəm, ad günlərimi də elə qeyd etməmişəm. Hazırda işdəyəm, çalışıram.
- Ötən illərə dönüb baxanda yəqin ki, xatirənizdə nələrsə canlanır... Həyatınızı vərəqləyəndə, ən çox hansı illərinizdə dayanırsınız?
- 53 illik ömrümdə yaddaşımdan silinməyən xatirələr Nüvədi ilə bağlıdır. Kəndimizi, məhəllələri, küçələri əzbər bilirəm. O xatirələri nə vaxtsa yazıya köçürmək istəyirəm. Xatirələr itib batmamalıdı. Hələ ki yaddaşıma güvənirəm, yerindədir. Nüvədidən köçdüyümüz gecəni xatırlayıram. Düzdür, ağrılı-acılı xatırədir, ancaq yaddaşımdan heç vaxt silinməyəcək. Avqustun 8-də Nüvədini tərk etdik. Nüvədidən Zəngilanın Vejnəli kəndinə gələn zaman 3-4 gecə bir avtobusda gecələmişəm. Bir gün o yurd yerlərimizə qayıdacağıq. Çünki Nüvədinin taleyində bir neçə dəfə işğal faktı olub. 1905-ci ildə də erməni daşnaqları Nüvədini yandırıblar, kənd camaatının böyük əksəriyyəti İrana köçüb. Tarix və proseslər Nüvədiyə qayıdacağımız yöndə addımlayır.
- Hər kəsin gələcək planında yeni hədəflər, yeni məqsədlər olur. Sizin gələcək planınızda nələr var?
– Bir az siyasiləşmiş adamlarıq, gələcək hədəflərimi açıb deyə bilmərəm. Planlar və məqsədlər var, onun üçün də yaşamalıyıq. Hər kəsə uzun ömür arzulayıram ki, gələcək hədəflərimizi uğurla həyata keçirək.
- Doğum gününüz münasibətilə sizi ilk olaraq kimlər təbrik etdi?
- Məni kim təbrik edirsə, elə hesab edirəm ki, ən birinci o təbrik edib. Bu gün evdə övladlarım, həyat yoldaşım, kollektiv və dostlar məni təbrik ediblər.
-Bəs keçmiş deputat yoldaşlarınızdan kimlərlə əlaqəniz var? Onlardan doğum gününüzü təbrik edənlər oldumu?
- Keçmiş deputat yoldaşlarımdan Musa Urudla tez-tez zəngləşirik. Bir az qapalı həyat yaşamışam. İşə, evə gedib gəlmişəm. Kiminləsə saatlarla oturub söhbət etməmişəm, nə də yeyib-içməmişəm. Çərçivədən kənar həyat tərzim olmayıb.