Məşhur iş adamı, fəaliyyəti dayanmış “Bakı” futbol klubunun prezidenti, "Hafka" ləqəbli Hafiz Məmmədov barəsində həbs qərarı verilib.
Modern.az-ın məlumatına görə, Dövlət Vergi Xidmətindən bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.
Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib.
Yasamal rayon məhkəməsinin qərarı ilə Hafiz Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Maraqlıdır ki, iş adamı axtarışa verilsə də, məsələ ilə bağlı bir qədər əvvəl mediaya açıqlama verib.
O, Qaynarinfo-ya açıqlamasında bu gün borclarını qaytardığını qeyd edib:
“Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.
Hafiz Məmmədov indiyədək şirkətlərinin vergi borcu olmadığını da deyib:
“Dövlətin vergisini hər kəs verməlidir. Mən heç vaxt vergidən yayınmamışam və bu işi özümə müqəddəs borc bilmişəm. İndiyə qədər dövlətə bir milyondan çox vergi ödəmişəm”.
İş adamı Hafiz Məcid oğlu Məmmədov 2 dekabr 1964-cü il tarixində Naxçıvan şəhərində anadan oub.
1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı Institutunu mühasib ixtisası ilə bitirib.
1985-86-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışıb.
1987-88-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı işləyib.
1988-92-ci illərdə Naxçıvan şəhərində “Əmanətbank” filialının kredit şöbəsinin müdiri olub.
1992-95-ci illərdə “Sənan” kiçik müəssisəsində baş menecer, 1995-97-ci illərdə “Alfa plyus” Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə “Baghlan Traiding” şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləyib.
2003- cü ildən “Baghlan Group” Holdinqin sahibidir.
2004-cü ilin noyabr ayından etibarən “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvü olub.
Hafiz Məmmədov əvvəllər keçmiş nəqliyyat naziri Ziya Məmmədovla biznes şəriki olub. Onların “Bank of Azerbaijan” kommersiya bankı fəaliyyət göstərib. Həmin bank sonralar bağlanıb.
“Hafka” ləqəbli iş adamının pullu olması hətta vaxtilə adam oğrusu Hacı Məmmədovun da diqqətini cəlb etmişdi. Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və “poqonlu qanqster”in dəstəsi iş adamı Hafiz Məmmədovun atası Məcid Məmmədovu 6 mart 2003-cü il tarixdə oğurlamış və külli miqdarda pul (1 milyon 500 min dollarədək) alandan sonra buraxmışdı.
Hafiz Məmmədovun son illər müflisləşdiyi bildirilir.