Modern.az

Türkiyəli jurnalistin atasının maşınını Bakıda oğurlayıblar

Türkiyəli jurnalistin atasının maşınını Bakıda oğurlayıblar

30 Dekabr 2012, 11:49

Azərbaycana qazanc dalınca gələn iş adamı qazanc bir tərəfə dursun, hətta Bakıya gətirdiyi iki yük maşınından əlini üzməli olub.

Bu barədə Modern.az saytına Türkiyə Qəzetçilər Federasiyasından məlumat verilib. Türkiyəli jurnalistlər bu məsələnin tərəfimizdən araşdırılmasını xahiş ediblər.

Haqsızlığa məruz qalan izmirli jurnalist, İzmir Qəzetçilər cəmiyyətinin üzvü Murat Koçun atası Mehmet Əmin Koçdur.

Bir çoxlarında problemi anlatmazdan öncə “Mehmet Əmin Koça haqsızlıq edilib” kimi ifadələr işlətməyimiz bəlkə də tərəfli mövqe kimi başa düşülər. Ancaq məsələni təfsilatı ilə dərc edirik və bu olmuşları oxuyanlar yəqin ki, iş adamının gerçəkdən haqsızlıqla üzləşdiyini qəbul edəcəklər.

Türkiyə Qəzetçilər  Federasiyasının müraciətindən sonra Modern.az saytının əməkdaşı Mehmet Əmin Koçla görüşüb.

Şikayətçi deyib ki, ona məxsus MAN markalı ağır tonnajlı yük maşını 2008-ci ildə Azərbaycanda oğurlanıb. 35 AC 96 94 Türkiyə dövlət nömrə nişanlı yük maşını 4 ildən sonra tapılsa da, maşının sahibi Azərbaycanın Gömrük Komitəsindən avtomobilini geri ala bilmir.

Mehmet Əmin Koç bildirib ki, avtomobili oğurlayanlardan Qaradağ rayonu Lökbatan qəsəbəsi 10-cu polis bölməsinə şıkayət edib.

“Dörd il bundan öncə avtomobilim Hacıqabul rayonunun Nəvai qəsəbəsində oğurlanıb. İndi avtomobili oğurlayanlar tapılsa da, mən hələ də maşınımı geri ala bilmirəm. Maşın yararsız hala salınıb. Tapılarkən içindən Almaniyaya və Azərbaycana məxsus dövlət nömrə nişanı aşkarlanıb. Bütün bunlara baxmayaraq, Dövlət Gömrük Komitəsi 4 il ərzində oğurlanan maşına görə mənə cərimə kəsib. Bunu əsas gətirərək Dövlət Gömrük Komitəsi məndən həmin cəriməni ödəməyimi tələb edir. Elə bu səbəbdən də maşını görmrükdən ala bilmirəm. Sual verirəm ki, oğurlanan maşına cərimə ödəməliyəmmi? Axı bu maşının oğurlanması ilə bağlı mən o zamandan hüquq-mühafizə orqanlarına şikayət etmişəm. İndi bu maşının rüsumunu məndən istəyirlər. Başa düşmək istəmirlər ki, axı bu maşını 4 il idi ki oğurlamışdılar. Mən o maşından istifadə edə bilməmişəm. İndi bunun rüsumunu ödəməliyəm?”.

Türkiyə vətəndaşı qeyd edir ki, dörd ildir maşınının oğurlanması barədə hüquq-mühafizə orqanlarına şikayət etsə də, oğurlanmış avtomobili dostları tapıb:

“Mən Bakıya iki maşınla işləməyə gəlmişdim. Burada maşınımın birini oğurladılar, bezdim və o birini də gömrük postunda qoyub öz ölkəmə qayıtdım. Doğrusunu desəm, oğurlanmış maşından əlimi tam üzmüşdüm. Bu yaxınlarda Azərbaycandakı dostlarımdan mənə telefon zəngi gəldi. Bildirdilər ki, bəs, maşını tapıblar. Məsələ belə olub. Mənim bu maşınımın tanınma nişanı Türkiyə nömrəsi idi. Onu oğurlayanlar gömrükdə rüsum ödəmək üçün Xırdalana gəlirlər. Maşını da özləri ilə gətirirlər. Dostum onlara yaxınlaşır və oğrulara deyir ki, “bu maşını oğurlamısınız, mənim dostumundur”. Ancaq onlar buna etiraz  edirlər. Bundan sonra dostum 102-yə zəng edir. Təsəvvür edin, mən yenidən İzmirdən Bakıya gəldim. Maşınım təzə idi, indi yararsız hala düşüb. Maraqlıdır, əgər 4 ildir bu maşın gerçəkdən axtarışda olubsa, bəs, onu harada və necə işlədiblər? Belə suallar çoxdur və heç birinə cavab ala bilmirəm”.


Məsələdən çıxış yolunu Mehmet Əmin Koç məhkəmədə görür. Artıq o, məhkəməyə müraciət edib və vəkil də tutub.

Ümid edək ki, məhkəmə ondan öncəki hüquq-mühafizə orqanlarının yumşaq desək,  gözyummalarını təkrar etməyəcək.

Mehmet Əmin Koç indi ölkəsinə qayıdıb. O, öz ölkəsində də bu işlə bağlı məhkəmə davası  açacağını bildirdi.

Gültəkin Ələsgər

P.S. Bizi ən çox narahat edən məsələ isə odur ki, bu hadisə Türkiyə mediasında yer alacaq və kimlərinsə təqsiri ucbatından ölkəmizin imicinə böyük zərbə dəyəcək.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi